Minlərlə fələstinli tərəfdarı İsrailin Qəzzaya davam edən hücumlarına qarşı yürüş etmək üçün Braziliya, Çili və Meksikada toplaşıb.
Avropa.info-nun məlumatına görə Braziliyanın ən böyük şəhəri olan Sao Paulonun mərkəzinə toplaşan braziliyalılar prezident Luiz İnasio Lula da Silvadan İsraillə diplomatik münasibətləri kəsməyi tələb ediblər .
Fələstinin braziliyalı tərəfdarları Fələstin bayraqları və İsrailin qırğınlarını əks etdirən plakatlarla yürüş edərək Qəzzada baş verənlərə diqqət çəkiblər.
Müxtəlif vətəndaş cəmiyyəti təşkilatları və bir çox millət vəkilləri nümayişi dəstəkləyib.

Çilinin paytaxtı Santyaqoda toplaşan Fələstin tərəfdarları Qəzza xalqı ilə həmrəylik nümayişi keçirib.
Fələstin bayraqları daşıyan Çili vətəndaşları İsraili Qəzzaya hücumlarını dayandırmağa çağırıb.
Fələstin tərəfdarları həmçinin Çili prezidenti Qabriel Boriçə İsraillə diplomatik əlaqələri kəsməyə çağırıblar.

Fələstin tərəfdarları Meksikanın paytaxtı Mexikoda toplaşaraq Qəzzada “ən qısa zamanda” atəşkəs tələbi ilə nümayiş keçiriblər.
Böyük qrup müxtəlif pankartlarla şəhərin mərkəzinə yürüş edib. Qrup yürüş boyu tez-tez İsrail əleyhinə şüarlar səsləndirib.
