Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Milli Qurtuluş Günü ilə əlaqədar kitab sərgiləri hazırlanıb.
Bu barədə Avropa.info-ya kitabxanadan məlumat verilib.
Gənc nəslin vətənpərvərlik tərbiyəsində yaxından iştirak edən, daim Azərbaycan tarixinin əlamətdar günlərinin təbliğatı ilə məşğul olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar ənənəvi və virtual kitab sərgisi hazırlanıb.
Kitabxananın əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində o günlərin xronikasını, xalq içərisində yaşanan gərginliyi, xalqın Heydər Əliyevin ətrafında bir yumruq kimi birləşməsini əks etdirən kitablar və dövrü mətbuat nümunələri toplanıb. Virtual kitab sərgisində 15 iyun gününün Azərbaycan xalqının milli qurtuluş günü elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının, “Heydər Əliyev və Azərbaycanın milli maraqlarına əsaslanan dövlət siyasəti”, “Heydər Əliyev – dövlətçilik, milli özünüdərk, mənəvi dəyərlər”, “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq”, “Mahir siyasətçi, müdrik rəhbər”, “Heydər Əliyev və milli mübarizə tariximiz”, “Böyük yolun həqiqəti” kimi 15-dən çox kitabın tam mətni təqdim edilir. “15 İyun Milli Qurtuluş Günü” adlı virtual kitab sərgisində kitablarla yanaşı, “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “İki sahil” kimi dövrü mətbuat nümunələrində çap edilən Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovun “Qurtuluşun başlanğıc günü”, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Tahir Məmmədovun “Qurtuluş Heydər Əliyevin qayıdışı ilə gəldi”, Milli Məclisin sədr müavini Musa Qasımlının “Zamanın fövqündə dayanan lider”, Bakı Dövlət Universiteti tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalovun “Müstəqil dövlətin memarı və qurucusu” kimi məqalələrin də tam mətni yer alır. Virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/milli-qurtulus-gunumuz yerləşdirilib.
Gənclər Kitabxanasında təşkil olunan “15 iyun – Milli Qurtuluş günü” adlı ənənəvi kitab sərgisində Milli Qurtuluş Gününün tarixini, Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən kitablar, dövrü mətbuat materialları sərgilənməkdədir.