İspaniya Müdafiə Nazirliyi əvvəllər Quru Qoşunları Komandanlığının istifadəsi üçün “Spike LR2” tank əleyhinə raket kompleksinin istehsalına dair razılığa gəldiyi İsrail şirkəti ilə müqavilənin dayandırılmasına göstəriş verib.
Avropa.info xəbər verir ki, İspaniya mətbuatının Müdafiə Nazirliyi mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, Nazirlik, İsrailin Rafael Advanced Defense Systems şirkətinin İspaniyadakı törəməsi olan Pap-Tecnos-a verilən təxminən 285 milyon avro dəyərində 3 oktyabr 2023-cü ildə elan edilmiş müqavilənin dayandırılmasına qərar verib.
İspaniya hökumətinin müdafiə üzrə dövlət katibi Amparo Valkarse keçən həftə hökumətin İsraildən “hər hansı formada asılılığın qarşısını almaq üçün geri çəkilmə planları üzərində işlədiyini” söylədi.
İspaniya hökuməti “İsraillə qətiyyən silah alqı-satqısı layihəsi olmadığını” iddia etsə də, xüsusən də son bir ildə vətəndaş cəmiyyəti təşkilatlarının və sol müxalifət partiyalarının artan təzyiqi altında bu fikri dəyişdi və “bəzi proqramların İsrail şirkətindən texnoloji cəhətdən asılı olduğunu və bu səbəbdən Müdafiə Nazirliyinin geri çəkilmə planları hazırladığını” etiraf etdi.
Digər tərəfdən, İspaniya mətbuatı indiyə qədər Quru Qoşunlarında istifadə edilən sözügedən raket sistemlərinin köhnəldiyini və müttəfiq ölkələrin ordularında istifadə edilənlər kimi daha müasir sistemlərlə əvəz edilməsinə ehtiyac olduğunu, Müdafiə Nazirliyinin araşdırması nəticəsində texniki səriştənin yalnız İsrail şirkətinin olduğunu müəyyən etdiyini yazıb.
Tenderə əsasən qeyd olunub ki, Quru və Dəniz Piyada bölmələrinin “Spike LR2” raketləri ilə təchiz edilməsi üçün 5 il müddətinə təxminən 285 milyon avro ayrılıb.
Bu arada, yaxın günlərdə İspaniya parlamentində İsrailə silah embarqosu tətbiq edən qanun layihəsinin səsə qoyulacağı gözlənilir.