Hindistanda hüquq-mühafizə orqanları qurbanlarını timsahlara yedizdirən və “Doktor Ölüm” kimi tanınan cinayətkarı həbs ediblər.
Avropa.info xəbər verir ki, “Times of India” nəşrinin yaydığı məlumata görə, Dehli polisi 67 yaşlı Devender Şarmanı Dausa şəhərindəki ermitajda saxlayıb. Cinayətkar uzun illər özünü rahib kimi təqdim edərək yaşadığı bölgədə gizlənib.
Məlumata əsasən, 2000-ci illərdə Şarma yük maşını və taksi sürücülərini oğurlayıb, onları qətlə yetirib və insan orqanlarının qanunsuz satışında iştirak edib. Məhz bu dəhşətli cinayətlərinə görə o, Hindistan mətbuatında “Doktor Ölüm” ləqəbi ilə tanınıb.
İstintaq zamanı bəlli olub ki, Şarma qurbanlarının avtomobillərini qara bazarda satır, cəsədlərini isə timsahlarla dolu Hazara kanalına atırmış. O, 2023-cü ildə iki aylıq şərti azadlığa buraxıldıqdan sonra hüquq-mühafizə orqanlarından yayınaraq gizlənməyə başlamışdı.
Məhkəmə prosesində Devender Şarma 51 nəfərin qətlini etiraf edib və ömürlük həbs cəzasına məhkum olunub. Mətbuat yazır ki, onun dəhşətli əməllərindən xəbər tutan həyat yoldaşı və uşaqları da onu tərk ediblər.
Qeyd edək ki, tarixdə “Həkim Ölüm” ləqəbi ilə məşhurlaşan digər tanınmış cinayətkar isə II Dünya Müharibəsi dövründə Osvensim düşərgəsində əsirlər üzərində amansız tibbi təcrübələr aparan alman həkimi Jozef Mengele olub.
Hazırda Hindistan polisi Devender Şarma ilə bağlı əlavə cinayət işlərini də araşdırır.