Bu gün müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, şair, tərcüməçi, publisist, Əməkdar mədəniyyət işçisi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini Vaqif Bəhmənlinin 70 illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şairin həyat və yaradıcılığından bəhs edən elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.
Bu barədə Avropa.info-ya kitabxanadan məlumat verilib.
Bildirilib ki, kitabxananın rəsmi saytında – https://ryl.az/melumat-bazalari/Vaqif_Behmenli_el_melumat_bazasi/index.html – yerləşdirilən elektron məlumat bazasında şairin həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərinin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü mükafatlarla yanaşı, akademik Nizami Cəfərovun “Ön söz və ya şairin bioqrafiyasından “biblioqrafiya”sına”, “Şair Vaqif Bəhmənliyə açıq məktub”, professor, fəlsəfə elmləri doktoru Rahid Uluselin “Vaqif Bəhmənli – özü və sözü barədə”, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin “Vaqif Bəhmənli poeziyası: sözün və səsin rəng çalarları” kimi məqalələrinin tam mətni təqdim edilir.
Elektron bazada görkəmli şairin yaradıcılıq nümunələrinin, tərtib, redaktə və tərcümə etdiyi, “Ön söz” müəllifi və buraxılışına məsul olduğu kitabların, publisistik məqalələrinin, eləcə də Vaqif Bəhmənli haqqında qələmə alınan dövri mətbuat nümunələrinin siyahıları yer alır.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada “Hikmətli sözlər”, “Foto və videoqalereya” bölmələri də istifadəçilərin ixtiyarına verilir