Cəfər Cabbarlı Gənclər Kitabxanasında “Xalq şairi Rəsul Rza-115” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib.
Avropa.info xəbər verir ki, bu gün Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, Xalq şairi Rəsul Rzanın anadan olmasının 115 illiyi tamam olur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli şairin həyat və yaradıcılığından bəhs edən elektron məlumat bazası hazırlanıb.
Kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Xalq_shairi_Resul_Rza_el_melumat_bazasi/index.html yerləşdirilən elektron məlumat bazasında şairin həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərinin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü orden, mükafat və fəxri adlarla yanaşı, akademiklər İsa Həbibbəylinin “Milli sərbəst şeirin uvertürası”, Nizami Cəfərovun “Həyat, ölüm… və həyat”, Rəfael Hüseynovun “Dərinlərin birgəliyi”, ədəbiyyatşünas Cavanşir Yusiflinin “Üçüncü göz, yaxud ulduzlar dənizə tökülür…” kimi məqalələrinin tam mətni təqdim edilir. Elektron bazada görkəmli şairin yaradıcılıq nümunələrinin, tərcümələrinin, dövri mətbuatda, məcmuələrdə dərc olunmuş şeirlərinin, publisistik məqalələrinin, sözlərinə yazılmış musiqi nümunələrinin, Rəsul Rza haqqında qələmə alınan kitabların, məqalələrin siyahıları yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada “Xatirəsinin əbədiləşdirilməsi”, “Dissertasiya və avtoreferatlar”, “İzonəşrlər”, “Filmoqrafiya”, “Foto və videoqalereya” bölmələri, kitablarının virtual sərgisi də təqdim edilir