Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illik yubileyinə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı təntənəli sərgi keçirilib.
Avropa.info xəbər verir ki, tədbirdə Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş 50 rəssamın əsərləri nümayiş etdirilib.
Sərginin açılış mərasimində çıxış edən Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulayıb.
“Bu sərgi yalnız Ulu Öndərin yubileyinə həsr olunmaqla yanaşı, onun Azərbaycan dövlətinin müstəqilliyini qoruyub saxlamaq, milli kimliyimizi möhkəmləndirmək və dünya miqyasında təmsil etmək uğrunda göstərdiyi əvəzsiz xidmətlərə hörmət nişanəsidir. Heydər Əliyev yalnız böyük dövlət xadimi deyil, eyni zamanda mədəniyyətimizin və vətənpərvərlik ruhumuzun dirçəldicisi idi. Onun irsi bu gün də rəssamlarımızın yaradıcılığında yaşayır”, – deyə o bildirib.
Layihənin rəhbəri Aygün Əzizova isə Ulu Öndərin yubileyi ilə bağlı 17 ildir davam edən təşəbbüslər barədə məlumat verib:
“Ulu Öndər Heydər Əliyevin anadan olması münasibətilə artıq 17 ildir ki, Azərbaycanın bütün regionlarında müxtəlif yaş qruplarından olan rəssamların iştirakı ilə ‘Vətənpərvərlik Etüdləri’ layihəsini həyata keçiririk. Təbiət qoynunda rəssamların bacarıqlarını inkişaf etdirir, sərgilər və müsabiqələr təşkil edirik. Bu təşəbbüs gənclərimizin milli dəyərlərə sadiqliyinin tərənnümüdür”.
Sərgidə Azərbaycanın tanınmış rəssamlarının, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimləri İdrak Novruzov, Naibə Vəliyeva, Sevinc Hacıyeva, həmçinin polkovnik, rəssam Nurəddin Məmmədov, Fuad Ağazadə, Həyat Şirvanova, Elnarə İsgəndərova, Tofiqə Əliyeva və Kifayət Nəzərovanın Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, müstəqillik uğrunda mübarizəsini və xalqa olan məhəbbətini tərənnüm edən əsərləri təqdim olunub.
Sərgidə fəxri qonaq qismində xebertime.az saytının redaktoru Yeganə Telmanqızı da iştirak edib.
Tədbirin sonunda iştirakçı rəssamlar xatirə diplomları ilə təltif olunub və sərgi xatirə fotoşəkili ilə yekunlaşıb.
Aygün Əzizova,
Fotolar Ayazındır