Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq rəssamı Əzim Əzimzadənin xatirəsi anılıb
Avropa.info xəbər verir ki, bu gün Azərbaycanın Xalq rəssamı, Əmək Qəhrəmanı, Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadənin anadan olmasından 145 il ötür. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli rəssamın janr müxtəlifliyi, incə rəng duyumu, orijinallığı və milli koloriti ilə Azərbaycan rəssamlıq tarixinə qızıl hərflərlə yazılmış yaradıcılıq yolundan bəhs edən material hazırlanmışdır.
Materialda Əzim Əzimzadənin incəsənət və pedaqoji sahədə olan fəaliyyəti, “Molla Nəsrəddin”, “Tuti”, “Baraban”, “Zənbur”, “Kəlniyyət” kimi jurnallarda işləyərək ölkəmizdə satirik qrafika və karikatura janrının əsasını qoyması, “Varlı evində toy”, “Köhnə bakılılar” , “Qurban bayramı”, “Qız övladının dünyaya gəlişi” kimi rəsm əsərlərinin müəllifi olması haqqında məlumat təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda görkəmli rəssamın Azərbaycanda kitab qrafikası sənətinin yaranması və inkişafı istiqamətində gördüyü işlər haqqında məlumatlar, teatr tamaşaları üçün çəkdiyi geyim eskizləri və dekorasiyaların görüntüləri öz əksini tapır. Materialda görkəmli rəssamın foto və video görüntüləri ilə yanaşı, dünyaca məşhur muzeylərdə sərgilənən rəsmlərdən nümunələr də təqdim edilir.
Xalq rəssamı Əzim Əzimzadənin 145 illik yubileyi münasibətilə hazırlanan material kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/ezim-ezimzade-145 yerləşdirilib.