Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.
Avropa.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar idarəsinin məlumatında deyilir.
Məlumata görə, danışıqlarda Hindistan və Pakistan arasında gərginliyin artması, mayın 6-na keçən gecə baş verən hücum və vəziyyətin inkişafı müzakirə edilib.
Türkiyə dövlətinin başçısı Türkiyənin Pakistanla həmrəy olduğunu bildirib. Türkiyə lideri hücumda ölən pakistanlılarla bağlı başsağlığı verib və yaralanan Pakistan vətəndaşlarına tezliklə şəfa diləyib.
Ərdoğan Türkiyənin davam edən prosesdə Pakistanın balanslı və təmkinli siyasətini dəstəklədiyini vurğulayıb. Türkiyə prezidenti Cammu-Kəşmirdəki terror aktı ilə bağlı qərəzsiz, şəffaf və etibarlı beynəlxalq araşdırma aparılması təklifini düzgün adlandırıb. Onun sözlərinə görə, Ankara Pakistan və Hindistan arasında daha da gərginliyin qarşısını almaq üçün bütün lazımi səyləri göstərməyə hazırdır və bu məsələ ilə bağlı diplomatik təmaslar davam etdiriləcək.
Avropa.info