Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ədəbiyyatşünas, professor Azad Nəbiyevin 80 illik yubileyi münasibətilə virtual kitab sərgisi hazırlanıb
Avropa.info xəbər verir ki, bu il ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Əməkdar müəllim, folklor əlaqələri sahəsində tanınmış tədqiqatçılardan biri olan Azad Nəbiyevin 80 illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Professor Azad Nəbiyev – 80” adlı virtual kitab sərgisi hazırlanıb. Kitabxananın rəsmi saytında yerləşdirilən https://www.ryl.az/multimedia/azad-nebiyev-80 virtual sərgidə Azad Nəbiyevin elmi fəaliyyəti, həyatını publisistikaya, ədəbiyyat tarixinə, nəzəriyyəsinə, onun problemlərinə həsr etməsi, şifahi xalq ədəbiyyatının toplanması, nəşri, tədqiqi və tədrisi məsələləri ilə məşğul olması haqqında məlumat verilir. Virtual kitab sərgisində alimin elmi rəhbərliyi altında 5 elmlər doktoru, 20-dən artıq fəlsəfə doktorunun yetişməsi, 200-dən artıq elmi əsərin, 40-dan artıq monoqrafiyanın müəllifi olması qeyd edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Azad Nəbiyevin müəllifi olduğu və onun haqqında qələmə alınan 10-dan çox kitab və dövrü mətbuat nümunələri sərgilənir. Belə ki, virtual kitab sərgisində “Azərbaycan xalq ədəbiyyatı”, “El nəğmələri, xalq oyunları”, “Azad Nəbiyev və folklor ədəbi irsi”, “Azərbaycan aşıq məktəbləri”, “Azərbaycan-özbək folklor əlaqələri” kimi kitabların qısa annotasiyası təqdim edilir.