Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçı, Əməkdar mədəniyyət işçisi Xalidə Hasilovanın xatirəsi anılıb
Avropa.info xəbər verir ki, b u gün Əməkdar mədəniyyət işçisi, yazıçı, dramaturq, nüfuzlu dövlət və ictimai xadim Xalidə Hasilovanın 105 illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçının həyat və yaradıcılığına həsr edilən geniş material hazırlanıb. Videomaterialda Xalidə Hasilovanın bədii, publisistik fəaliyyəti, uzun illər “Azərbaycan qadını” və “Göyərçin” jurnallarında baş redaktor vəzifəsində çalışması, Azərbaycan uşaq ədəbiyyatına biri-birindən gözəl yaradıcılıq nümunələri bəxş etməsi haqqında məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Xalidə Hasilovanın tərcüməçilik fəaliyyəti haqqında da məlumat verilir, onun türk və rus dillərindən V.Q.Korelenko, N.Tixonov, İ.P.Soto, Ə.Nesin kimi müəlliflərin əsərlərini doğma dilimizə tərcümə etməsindən, yazıçının “Həsrət”, “Həyat özü bir nəğmədir”, “Bir sahilin adamları”, “Hamı doğmadır mənə”, “Nəğməli könül” kimi pyeslərinin müxtəlif teatrların səhnəsində tamaşaya qoyulmasından bəhs edilir.
Yazıçı, dramaturq Xalidə Hasilovanın 105 illik yubileyi münasibətilə hazırlanan material kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/yazici-xalide-hasilovanin-anadan-olmasinin-105-illiyi-munasibetile yerləşdirilib.