ABŞ prezidenti Donald Tramp administrasiyası ölkədəki ən azı 66 kömürlə işləyən elektrik stansiyasına havanın çirklənməsi qaydalarından iki il müddətinə istisnalar verib.
Avropa.info xəbər verir ki, Tramp administrasiyasının 47 enerji şirkətinə verdiyi istisnaların siyahısı ABŞ Ətraf Mühit Agentliyinin (EPA) saytında paylaşılıb.
Müvafiq olaraq, ən azı 66 kömürlə işləyən elektrik stansiyası işlədən 47 şirkət iki il müddətində civə, arsen və benzol kimi kimyəvi maddələrin emissiyalarını azaltmağı tələb edən qanundan azad ediləcək.
EPA-nın bəyanatında deyilir ki, istisna “kömürlə işləyən elektrik enerjisi istehsalına, etibarlı şəbəkələrə, əlverişli elektrik enerjisinə və enerji təhlükəsizliyinə dəstək verəcək”.
Ölkədəki ətraf mühit təşkilatları Tramp administrasiyasının azad etmə qərarına reaksiya verib.
ABŞ mərkəzli qeyri-hökumət təşkilatı Bioloji Müxtəliflik Mərkəzinin hüquqşünası Maya Golden-Krasner mövzu ilə bağlı verdiyi açıqlamada, Tramp administrasiyasının verdiyi istisnanın nəfəs aldığımız havanı qorumaq üçün qəbul edilən federal qanunların “ürəyində bir deşik açdığını” söylədi.
ABŞ prezidenti Tramp vəzifəsinin ilk günündə ABŞ-ın Bayden dövründə yenidən qoşulduğu Paris İqlim Sazişindən çıxmaq barədə sərəncam imzalayıb.
Tramp həmçinin kömür hasilatının artırılması ilə bağlı sərəncam imzalayıb.