Avropa.info xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.
Bildirilib ki, artıq bir neçə ildir Azərbaycana qarşı qərəzini açıq şəkildə nümayiş etdirən komissiyanın builki hesabatı da Azərbaycana qeyri-obyektiv və əsassız iddialarla doludur:
“Əvvəlki illərdə olduğu kimi bu il də hesabatın müəllifləri öz iddialarını “Ümumerməni Xeyriyyə İttifaqı”, “Araqats Fondu” kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən radikal erməni millətçilərinin (L.Xaçaturyan, H.Qulyan, S.Bokçeriyan) hazırladığı uydurma məruzələrlə və bədnam, anti-Azərbaycan fəaliyyəti ilə seçilən və radikal erməni diasporu üzvlərinin əlində alət olan “Freedom House” təşkilatının sənədləri ilə əsaslandırırlar”.
Qeyd olunub ki, ABŞ Konqresi tərəfindən təsis edilmiş bu komissiyanın qərəzini sübut edən digər mühüm məqam bu qurumun dünyada dini azadlığın əsas qənimi olan Ermənistanı, ümumiyyətlə, izləməməsidir:
“Komissiyanın təbirincə, Ermənistan öz ərazisindən və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərindən bir milyondan çox azərbaycanlının başqa dini etiqada mənsub olduqları üçün total etnik təmizləməyə məruz qoymaqla, orada 300-dən artıq məscidi və yüzlərlə qəbiristanlığı dağıtmaqla dini azadlığı tam “təmin edib”. Mədəni və dini irsin vəziyyəti ilə bağlı Azərbaycana hansısa beynəlxalq müşahidəçilər göndərilməsi tələbini irəli sürən komissiyaya xatırlatmaq istərdik ki, belə bir missiyanın Azərbaycana deyil, Ermənistana göndərilməsi zəruridir. Komissiya Ermənistan hökumətinin bu ölkədəki Azərbaycan mədəni və dini irsi ilə bağlı UNESCO missiyasının Ermənistana göndərilməsinə imkan verməməsi məsələsi ilə məşğul olması daha düz olardı”.
Eyni zamanda, vurğulanıb ki, hesabatda “Dağlıq Qarabağ” kimi ifadələr işlədilməklə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik nümayiş etdirilib:
“Biz komissiyanın irqçi, regionda sülh və barışığa mane olan bu addımlarını qınayır və ABŞ tərəfini qurumun nümayiş etdirdiyi qeyri-obyektiv və ikili standartlara əsaslanan fəaliyyəti barədə ölçü götürməyə çağırırıq