Növbəti kitab icmalı baş tutub
Avropa.info xəbər verir ki, 14-19 mart 2025-ci il tarixlərində Respublika Uşaq Kitabxanasında “Yeniyetmə və keçid” layihəsi çərçivəsində BDU-nun istehsalat təcrübəsində olan tələbələrin təqdimatında “Kitab klubu” rubrikasının növbəti kitab icmalları keçirilib. İcmalda uşaqlar üçün nəzərdə tutulan dünya ədəbiyyatı nümunələrindən A.Ekzüperinin “Balaca şəhzadə”, Aleksandr Dümanın “Üç müşketyor” adlı kitabları, həmçinin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən C.Məmmədquluzadənin “Anamın Kitabı”, H.Cavidin “Ana Dramı” və “İblis”, C.Cabbarlının “Almaz” əsərləri və Mikayıl Müşfiq haqqında geniş məlumat verilib. Böyük yaş qrupu üçün nəzərdə tutulan kitablar arasında Elxan Elatlının “Uğursuz gecə”, Xalid Hüseyninin “Min möhtəşəm günəş” və Viktor Hüqonun “Səfillər”, E.Mativenin “Bəs niyə səma mavidir?”, S.Alinin “İçimizdəki şeytan” adlı əsərləri də müzakirə olunub.
Sonda təqdimatçıların ifasında Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeiri səsləndirilib.
Kitab icmallarının əsas məqsədi oxuculara ədəbi nümunənin əsas məzmununu, ideyalarını və mövzularını qısa və aydın şəkildə təqdim etmək, həmçinin oxuculara kitab haqqında ümumi bir fikir vermək və onlara kitabın nə dərəcədə maraqlı və ya uyğun olduğunu müəyyən etməyə kömək etməkdir.