“Kreml Minski Rusiya, ABŞ və Ukrayna liderləri arasında üçtərəfli danışıqlar keçirilməsi üçün ən yaxşı yer hesab edir”.
Avropa.info “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov Belarus Prezidenti Aleksandr Lukaşenkonun müvafiq təşəbbüsünü şərh edərkən danışıb.
“Bu məsələ qaldırılmayıb və müzakirə edilməyib. Lakin, əlbəttə, Minsk bizim üçün ən yaxşı yerdir. Bu ölkə bizim əsas müttəfiqimizdir, buna görə də, danışıqlar üçün yaxşı yerdir”, – deyə Peskov qeyd edib.
Xatırladaq ki, A.Lukaşenko amerikalı bloqer Mario Naufala müsahibəsində Ukraynadakı münaqişənin dinc yolla nizamlanmasına dair danışıqların Belarusda keçirilməsini təklif edib. O bu xüsusda Ukrayna, Rusiya və ABŞ liderləri Volodimir Zelenski, Vladimir Putin və Donald Trampı Minskə dəvət edib.