ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri müəyyən ediblər ki, çay dəmləmək suda qurğuşun və kadmium kimi ağır metalları “əhəmiyyətli dərəcədə” azaldır.
Avropa.info “Science Daily” istinadən xəbər verir ki, araşdırma zamanı müxtəlif çay növləri, çay paketləri və müxtəlif dəmləmə üsullarının suda ağır metalların azalmasına təsiri araşdırılıb.
Tədqiqatçılar müəyyən miqdarda ağır metalları ehtiva edən su məhlulları yaratdılar və qaynama temperaturuna yaxın qızdırdıqları məhlullara müxtəlif müddətlərdə dəmlənmiş çay yarpaqlarını əlavə etdilər.
Tədqiqatçılar dəmləmə prosesindən sonra məhlulda nə qədər ağır metal qaldığını ölçdülər və bunu əvvəlki və sonrakı səviyyələrlə müqayisə etdilər.
Tədqiqat nəticəsində müəyyən edilib ki , incə üyüdülmüş qara çay yarpaqları böyük səth sahəsi sayəsində ağır metal ionları ilə kimyəvi bağ əmələ gətirərək, onların sudan “böyük ölçüdə” çıxarılmasına şərait yaradır.
Alimlər çayın dəmləmə müddəti artdıqca suda ağır metalların miqdarının azaldığını müəyyən edərək, sellülozadan hazırlanan çay paketlərinin pambıq və neylondan daha təsirli olduğunu vurğulayıblar.
Araşdırma nəticəsində məlum olub ki, içməli suda ağır metalların çox olduğu bölgələrdə çay xalq sağlamlığına müsbət təsir göstərə bilər.
Araşdırmanın nəticələri “ACS Food Science & Technology” jurnalında dərc olunub.