İstanbulda İŞİD-ə qarşı keçirilən əməliyyatda şübhəli şəxslərə aid 68 ünvana basqın edilib. Əməliyyatda 59 nəfər tutularkən, çoxlu sayda silah, rəqəmsal material və təşkilati sənədlər ələ keçirilib.
Avropa.info xəbər verir ki, İstanbul Respublika Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu, terror təşkilatı DEAŞ-ın ifşası üçün apardığı istintaqda bəzi şübhəlilərin bir araya gələrək “İlim və Hikmət Dergisi” adı altında qeyri-qanuni görüşlər təşkil etdiyini müəyyən edib.
Şübhəlilərin zəkat, fitrə və yardım adı altında topladıqları pullardan istifadə edərək, münaqişə bölgələrindəki düşərgələrdə olan İŞİD üzvlərini qanunsuz yollarla Türkiyəyə gətirməyə çalışdıqları müəyyən edilib.
Sosial şəbəkələrdə də təbliğat apardıqları aşkarlanan 63 şübhəli haqqında həbs qərarı çıxarılıb.
Terrorla Mübarizə İdarəsi qrupları 68 ünvanda eyni vaxtda həyata keçirdikləri əməliyyatlarda 59 şübhəlini yaxalayıb.
Axtarışlar zamanı 1 sənədsiz silah, 1 tüfəng, çoxlu sayda rəqəmsal material, 2 jurnal, 155 patron, 1 süngü, 3947 ABŞ dolları, terror təşkilatına aid 4 bayraq, təşkilati sənədlər və qadağan olunmuş nəşrlərə aid kitablar ələ keçirilib.
Şübhəlilərin qanunsuz toplaşdıqları müəyyən edilən ünvan möhürlənib və fəaliyyətinə xitam verilib.
Saxlanılan şübhəlilər polis bölməsinə aparılıb