Bolqarıstan Prezidenti Rumen Radev ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Rusiya-Ukrayna müharibəsinin sona çatması ilə bağlı görüşünə işarə edərək, “Diplomatik üsullardan istifadə edərək davamlı həll yolları və sülh tapmağın vaxtıdır” deyib.
61-ci Münhen Təhlükəsizlik Konfransına (MSC 2025) qatılan Radev Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq təşəbbüslərini dəyərləndirib.
“Nəhayət, müdrikliyin səsi gəldi” deyən Radev, Tramp və Putinin görüşünün problemlərin həlli üçün güclü siyasi iradə nümayiş etdirdiyinə diqqət çəkib.
Radev problemin həlli üçün istifadə edilən üsullara toxunaraq, “Biz bu münaqişənin həllində istifadə edilən iqtisadi və hərbi üsullardan bezmişik və bunun mümkün olmadığını gördük. Diplomatik üsullardan istifadə etməklə Ukraynada davamlı həll və sülh tapmağın vaxtı çatıb” deyib.
Dialoqun əhəmiyyətinə diqqət çəkən Radev, “Ümid edirəm ki, Avropa və Ukrayna da daxil olmaqla davamlı həll üçün dialoqu davam etdirəcəyik” dedi.
Radev həmçinin bunun Avropa təhlükəsizliyini qorumaq üçün yeganə yol olmadığını vurğulayaraq əlavə edib: “Hələ görüləsi çox iş var. Yekun məqsəd Ukraynada sülhə nail olmaq və münaqişəni həll etmək deyil, qlobal miqyasda güclü təhlükəsizlik arxitekturasının yaradılmasıdır”.