Qərbi Azərbaycanın ən qədim yurd yerlərindən biri Gəncə quberniyasının Qazax qəzasının Qaraqoyunlu mahalında yerləşən Çaykənd kəndi olmuşdur. Bu kəndin sakinləri Tərsçayın həm sağında, həm də solunda məskunlaşmışdılar. Kəndin sakinlərini səhər tezdən işə çağırmaq üçün heç bir telefona və ya səsgücləndiriciyə ehtiyac yox idi. Təpənin döşündə durub istənilən adamı evlərindən işə çağıra bilirdilər. Çaykəndin camaatı çox zəhmətkeş, eyni zamanda çox istiqanlı, qonaqpərvər, zarafatcıl, sinələri lətifə və əhvalatlarla dolu, yurda bağlı sakinlər idi. Erməni mənbələrinə görə Çaykənddə 1922-ci ildə 569, 1931-ci ildə 672, 1959-cu ildə 809, 1988-ci ildə 1110 nəfər sakin məskən salmışdı. 1988-ci ilin məlumatına görə, kəndimizdən 13 elmlər doktoru, 15 elmlər namizədi yetişmişdir. Məlum erməni deportasiyası zamanı Çaykənd 8 şəhid vermişdir.
1988-ci ildə ermənilər azərbaycanlıları sonuncu nəfərinə kimi dədə-baba yurdlarından qovduqdan sonra onların yaşadıqları yer adlarını da dəyişdirdilər. Məhz bunun nəticəsində Çaykənd – Ayqut, Bəryabad- Barepad, Əmirxeyir- Kalavan adları ilə əvəz olunmuşdur.
Qədim türk mənşəli tayfalardan ibarət olan Çaykəndin sakinləri Osmanlılar, Böləlilər (Göy Vəlilər), Qaraəhmədlilər, Manquzular, Şəmilli, Tayırlı, Asdanalılar, Zəmirli, Giləhli, Hacı Abdullalı tayfalarını əhatə etmişlər.
Mənim ana tərəfim Osmanlılar, ata tərəfim isə Böləlilərdən (Göy Vəlilər) idi.
Anam Hacıyeva Tamam, xalam Sivaz, dayım Hüseyn Osmanlı Qaranın övladları olmuşlar.
Atam Hacıyev Şəmistan, əmilərim Şamxal, Əmirxan, Şəmdin, Ağalar, Bəylər, Alışkəndər Göyvəlilər (Böləlilər) tayfasından olan Hacımmədin oğlu Sevdimalının övladları olublar.
Atamı 1941-ci ildə Çaykənddən Böyük vətən müharibəsinə aparmışlar. Anam 4 uşaqla Çaykənddə müharibə illərini çox çətin aclıq və səfalət içində keçirmişdir. 1945-ci ildə atam müharibədən qayıtdıqdan sonra Qərbi Azərbaycanın Allahverdi rayonunda Mis mədənində işə düzəlmiş, ailəsini də oraya köçürmüşdür.
1947-ci ildə mən orada anadan olmuşam. Ermənilərin mənfur soyqırım siyasəti nəticəsində kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il 4083-cü il saylı və 10 mart 1948-ci il 754 saylı qərarlarına əsasən 1948-ci ildə atam ailəsini Qazax rayonunun Kommuna kəndinə köçürmüşdür. Biz həmin ildən Qazaxda yaşamağımıza baxmayaraq, daima Çaykənddəki qohumlarımızla əlaqələrimiz var idi. Mənim uşaqlıq illərim yay vaxtı Çaykənddə, Cantəpə yaylağında keçərdi. Çaykənddən Cantəpəyə qalxmaq üçün kəndin Kirdivan hissəsinə çıxıb sıx meşənin içi ilə keçirdik. Bu yolu o qədər getmişdik ki, axırda özüm Cantəpəyə tək də gedə bilirdim. Cantəpə yaylağının xüsusi əsrarəngiz təbiəti var idi. Bəzən yay vaxtı Cantəpəni çən elə bürüyürdü ki, günün günorta çağı ətrafı görmək belə mümkün olmurdu. Cantəpənin süd kimi parlaq aylı-ulduzlu gecələri olurdu. Aysız-ulduzsuz gecələrdə isə Cantəpə zülmətə qərq olurdu. Belə qaranlıq gecələr insanlarda qeyri-adi ovqat yaradırdı. Məhz yağışlı-yağmurlu gecələrdə adam dəyədən çölə çıxmaq istəmir, yağış və dolunun tıp-tıp sədaları altında şirin yuxuya getmək istəyirdi.
Dədə-baba yurdumuz olan Çaykənd haqqında xatirələrimiz saysız-hesabsızdır.
Xoşbəxtlikdən möhtərəm Prezidentimiz İlham Əliyevin dəmir yumruqlu siyasi iradəsi nəticəsində çox güman ki, yaxın vaxtlarda biz yenidən dədə-baba torpaqlarımıza qayıdacağıq. Qaraqoyunlu mahalı ilə bağlı şirin xatirələrimiz reallığa çevriləcək. Qərbi azərbaycanlıların dədə-baba yurd həsrətlərinə tezliklə son qoyulacaqdır.
Allahverdi Hacıyev
Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının dosenti, Əməkdar müəllim,
“Tərəqqi” və “Heydər Əliyevin 100 illiyi” medallarının mükafatçısı