Beynəlxalq Cinayət Məhkəməsi cümə axşamı İsrailin Qəzzada HƏMAS militantlarına qarşı müharibəsində hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətmək ittihamı ilə İsrail Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallantın həbsinə order verib.
Avropa.info xəbər verir ki, məhkəmə öz internet səhifəsində yaydığı açıqlamada bildirib ki, orderlər onların hər ikisini aclıqdan müharibə üsulu kimi istifadə etmək kimi müharibə cinayəti ilə yanaşı, qətl, təqib və digər qeyri-insani hərəkətlər də daxil olmaqla insanlığa qarşı cinayətlərdə ittiham edir.
Orderlər “ən azı 8 oktyabr 2023-cü il tarixindən ən azı 20 may 2024-cü il tarixinə, yəni prokurorluğun həbs qərarı üçün ərizələr təqdim etdiyi günə qədər” törədilmiş əməlləri əhatə edir.
İsrail Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil və Netanyahu və Qallant dərhal mühakimə olunma riski ilə üzləşmirlər. Ancaq həbs təhlükəsi hər iki şəxs xaricə səfər etdiklərində onlar üçün problem yarada bilər.
Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderini pisləyib. Onun ofisinin cümə axşamı yaydığı bəyanatda deyilir ki, İsrail “Absurd və saxta hərəkətləri ikrah hissi ilə rədd edir”.
Məhkəmə həmçinin HƏMAS-ın hərbi komandiri Məhəmməd Deif ilə bağlı da qətl, girov götürmə və cinsi zorakılıq da daxil olmaqla insanlığa qarşı cinayətlərə görə həbs orderi verib. Bu ittihamlar HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumu nəticəsində 46-sı ABŞ vətəndaşı olmaqla 1200-ə yaxın insanın ölümünə səbəb olması ilə əlaqəlidir.
HƏMAS həmçinin təxminən 250 nəfəri girov götürüb. Hücumdan sonra İsrail Qəzzada HƏMAS-ı məhv etmək üçün kampaniyaya başlayıb.
Qəzza səhiyyə nazirliyinin məlumatına görə, nəticədə təxminən 44 min insan ölüb. Nazirlik mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin həlak olanların yarısından çoxunun qadın və uşaqlar olduğunu bildirir