ASELSAN Azərbaycan avtomobil yollarını Türkiyənin milli istehsalı olan Yüksək Sürətli Çəki Ölçmə Sistemləri ilə təchiz edir.
Avropa.info xəbər verir ki, bu barədə “ASELSAN Bakı” şirkətinin baş direktoru Özgür Kürüm “Anadolu Agentliyi”nə açıqlamasında bildirib.
Onun sözlərinə görə, müstəqilliyinin ilk illərindən Azərbaycanda fəaliyyət göstərən ASELSAN burada həm müdafiə sənayesi, həm də mülki sahələr üçün layihələr yaradır. ASELSAN-ın bu yaxınlarda ölkəmizdə quraşdırdığı yüksək sürətli çəki ölçmə sistemləri texnologiyası daşımalarda qənaət təmin etməklə səmərəli və ekoloji cəhətdən təmiz bir tətbiq kimi diqqət çəkir.
Magistral yollarda quraşdırılan Yüksək Sürətli Çəki Ölçmə Sistemləri ilə avtomobillər dayanmağa və ya sürəti azaltmağa ehtiyac olmadan stansiyalardan keçərkən sürət, nömrə nişanı, çəki, en, uzunluq, yüksəklik, avtomobil növü və oxların say məlumatları qeydə alınır. Sözügedən sistem sayəsində avtomagistrallarda dayanmadan normal seyr sürəti ilə hərəkət edərkən avtomobillər elektron tərəzidə ölçülür. Bununla da hər il təxminən 52 milyon manata qənaət olunacaq.
Ö. Kürüm noyabrın 11-22-si tarixlərində Bakıda keçiriləcək COP 29 tədbiri zamanı həmin layihənin çox effektiv olacağını diqqətə çatdırıb.