Radikal müxalifət hərəkatının lideri Baqrat Qalstanyan növbəti dəfə Ermənistan Baş naziri Nikol Paşinyanı hədələyib.
Avropa.info xəbər verir ki, o, radikalların Ermənistan hökumətinə qarşı itaətsizlik aksiyalarının yeni dalğasının oktyabrın 2-də başlayacağını açıqlayıb.
“Mübarizənin yeni mərhələsi oktyabrın 2-də başlayacaq. Bu, qələbə və işıq dövrü olacaq. Bu, inadkar, amansız, ardıcıl mübarizəmizin ilk xəbərçisi olacaq. Oktyabrın 2-də “Respublika” meydanında olacağıq və bundan sonrakı bütün aksiyalarımız buradan başlayacaq”, – Qalstanyan bildirib.
O qeyd edib ki, bir çox insan mübarizədə heç bir planın olmadığını söyləyir, amma onun fikrincə, onların planı birdir: “şər” adlandırdığı Paşinyanı aradan qaldırmaq.
“Planı olanlar gəlib həyata keçirsinlər. Bu mübarizə hamınındır”, – Qalstanyan əlavə edib.
Hərəkat liderinin aksiyalarla bağlı aydın plan və yol xəritəsini açıqlamaması müxalif siyasi qüvvələr arasında müzakirə mövzusudur. Müxalif düşərgə və vətəndaşlar Baqratın kortəbii hərəkət etməsindən şübhələnir. Ümumiliyə əsaslanan son açıqlaması da belə bir planın olmadığı ehtimalını artırır