Multikulturalizm və tolerantlıq - Azərbaycanlıların gündəlik həyat tərzi

  • 12:11 - 20 İyun

Tarixən din cəmiyyət həyatının vacib bir komponenti kimi meydana gəlib, dəyərlərin, insan münasibətlərinin formalaşmasına, insanın təbiət, cəmiyyət haqqında təsəvvürlərinə müəyyən təsir göstərib. Müqəddəs kitablar, o cümlədən Qurani-Kərimdə əksini tapmış əxlaqi-mənəvi dəyərlər həmişə diqqət mərkəzində olub və insanın şəxsiyyətinin səciyyəvi xüsusiyyətindən biri kimi nəzərə alınıb.  

İslam dini yarandığı gündən etibarən insanları düşünməyə təşviq edir. Yəni, Uca Yaradan bizdən hər hansı bir əməli kor-koranə şəkildə deyil, dərk edərək, düşüncəli şəkildə yerinə yetirməyi istəyir. İslam elminin ana qaynağı hesab edilən Qurani-Kərim məhz “Oxu” əmri ilə başlayır. Bir dinin ki bəşəriyyətə ilk əmri “Oxu” kəlməsidir, məhz bu aspektən çıxış edərək qeyd etmək olar ki, İslamın elmə, təhsilə münasibəti necə yüksək dəyərlər üzərində qurulub. Həmçinin, Qurani-Kərimdə dəfələrlə vurğulanan elm kəlməsi insanları elmli olmağa sövq edir. Təbii ki, elm sahibi olmaq üçün vasitə məhz təhsildir. Başqa ifadə ilə desək, elmə gedən yol təhsildən keçir.

Elmə yiyələnmək üçün keçilməsi vacib olan yol məhz təhsildir. Allah-Təala (c) “düşünmək”, “təfəkkür etmək”, “fikirləşmək”, “ağıl, təfəkkür sahibi olmaq” kimi əmrləri bizə Qurani-Kərim vasitəsilə dəfələrlə bildirir. Sadalanan əmrlərin əsasında elmin özəyini təşkil edən ağıl durur. Uca Yaradan insanı xəlq edərkən ona məhz ağıl nemətini bəxş etməklə, onu yaradılmışların ən üstünü edib.

Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrı olsa da, dövlət dindən ayrı deyildir. Din ictimai həyatımızın, milli-mənəvi dəyərlərimizin, mənəviyyatımızın, əxlaqımızın, mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Məhz buna görə də bu sahədə baş verən və ya baş verə biləcək hər hansı neqativ proseslərə qarşı dövlət biganə qala bilməz. Dövlət burada da öz düşünülmüş tənzimləyici, maarifləndirici və əlaqələndirici funksiyalarını yerinə yetirir.

Dini radikalizm və ekstremizmə qarşı mübarizədə ailədə aparılan tərbiyə işi ilə bərabər, məktəbdə təlim-tərbiyə işinin məqsədəuyğun təşkil edilməsi mühüm əhəmiyyət kəsb edir. Təhsil prosesində milli-dini dəyərlərin elmi-pedaqoji tələblərə uyğun öyrədilməsi böyüməkdə olan nəsilləri xalqımızın tarixi köklərinə, türkçülüyə, azərbaycançılığa möhkəm tellərlə bağlayır, onlar milli ruhlu şəxsiyyətlər kimi yetişir, multikultural dəyərlərə, digər xalqların da inanclarına, mədəniyyətlərinə hörmətlə yanaşır, ümummilli birliyin möhkəmləndirilməsində torelantlığın əhəmiyyətini dərk edirlər.

Dini radikalizmi,ekstermizmi aradan qaldırmağın əsas yolu insanlar arasında sevgi, xoşgörü, sülh, tolerantlıq, kimi anlayışların təbliğ edilməsidir. Tolerantlıq - dini dözümlülük, yəni digər inanc və əqidələrə dözümlü yanaşmaq deməkdir. Daha dəqiq desək, tolerantlıq insan hüquqları və vicdanı ilə bağlı olmaqla yanaşı, insan azadlıqları və hüquqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır.  Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz  humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.

Azərbaycan xalqı çoxəsrlik tolerantlıq ənənələrinə malikdir. Ölkəmizdə tarix boyu müxtəlif xalqların və dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayıb. Azərbaycan dövləti demokratik, hüquqi prinsiplərə əsaslanan birgəyaşayışa, yüksək dözümlülük mühitinin, multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verir. Azərbaycan müxtəlif  sivilizasiyaların və mədəniyyətlərin  qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır. Multikulturalizm  və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.

Azərbaycanda bütün dövrlərdə, müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar. Bu gün də belədir. Müasir dünyamızda çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu ən böyük sərvətlərimizdən biridir.
Dövlətimizin başçısı bütün ölkədə qədim və tarixi əhəmiyyəti olan dini ocaqların bərpasına diqqətlə yanaşır.

Azərbaycanda bütün dini-tarixi abidələr dövlət tərəfindən qorunur, bərpa edilir. Ölkə başçısının göstərişi ilə bütün əsas dini abidələr təmir olunub.  Qədim  məscidlər tarixi simaları qorunmaqla əsaslı təmir edilib.

Xristian dini abidələri, alban kilsələri, o cümlədən Nic qəsəbəsindəki kilsə, Kiş alban məbədi təmir edilib.

Dövlət tərəfindən bərpa edilərək mühafizə olunan digər dini abidə isə Bakının mərkəzindəki Müqəddəs Qriqori erməni kilsəsidir. Hazırda Prezident Kitabxanasının balansında olan erməni kiləsəsində nadir erməni ədəbiyyat fondu və depozitar fond saxlanılır.

Ölkəmizdəki mövcud yəhudi sinaqoqları da digər dini mədəni abidələrimiz kimi dövlətimiz tərəfindən təmir və bərpa olunub. Bakıda köhnə məbədin yerində tikilən Yəhudi sinaqoqu Avropada ən böyük sinaqoq sayılır. Yəhudilərin kompakt şəkildə yaşadığı, “Qafqazın Yerusəlimi” adlandırılan Quba rayonu ərazisindəki “Qırmızı qəsəbə”dəki altı günbəzli sinaqoq da bərpa edilib.

Multikulturalizm, İslam həmrəyliyi kimi ideyalar Azərbaycan dövlətinin həm sözündə, həm də fəaliyyətindədir.

Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi” layihəsi çərçivəsində çap olunur.

 

Avropa.info


Oxunma sayı: 2201

Oxşar yazılar