Kreml niyə Xankəndidə konsulluq açmaq istəyir?

  • 10:32 - 29 May

Bu istəyin siyasi məqsəd daşıdığı aydındır

Avropa.info xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

O bildirib ki, Rusiyanın Xankəndidə konsulluq açmaq istəyinin tutarlı səbəbi yoxdur: bölgədə nə Rusiya vətəndaşı, nə rus hərbçisi var, nə də Rusiya şirkətləri burada fəaliyyət göstərir.

Bu istəyin siyasi məqsəd daşıdığı aydındır. Rusiya sülhməramlıların getməsindən sonra Qarabağda mövcudluğunu diplomatik müstəvidə davam etdirmək istəyir və istisna deyil ki, plan ermənilərin mümkün qayıdışına hesablanıb. Hərçənd, ermənilərin Qarabağa qayıdışı perspektivi yoxdur. Əgər gələcəkdə bu baş verərsə belə, bölgəyə gələnlər Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda burada yaşaya biləcəklər. Sual yaranır: Rusiya konsulluğu Azərbaycan vətəndaşına necə xidmət göstərə bilər?!

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Xankəndidə konsulluq açmaq istəklərini "qarşılıqlı konsulluq üzrə fərqi aradan qaldırmaqla" izah edir. Azərbaycanın Rusiyada iki konsulluğu fəaliyyət göstərir, Rusiya da Azərbaycandakı konsulluğunun sayını artırmaq istəyir. Halbuki Rusiya ərazi baxımdan daha böyükdür və orada yaşayan azərbaycanlıların sayı çoxdur. Yaxud, məqsəd təkcə say məsələsidirsə, niyə bunu başqa şəhərdə yox, məhz Xankəndidə etmək istəyirlər? Karasinin bu izahı gerçək məqsədi gizlətməyə hesablanıb.

Görünür, Rusiyanın Cənubi Qafqaz siyasətində Qarabağın kart olmaqdan çıxmasını hələ də qəbul edə bilmirlər.


Oxunma sayı: 4027

Oxşar yazılar