“Qarabağ”dan Çempionlar Liqasında gözlənilən PERFORMANS: “Avropanın ən nüfuzlu turnirinin qrup mərhələsinə vəsiqə qazanmağa...”

  • 10:47 - 17 May

“Atlar”a rəqib olacaq istənilən komanda “Qarabağ”a qarşı ikiqat motivasiyalı olacaq, əzmlə mübarizə aparacaq”.

Avropa.info xəbər verir ki, bu fikirləri  “Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı potensial rəqiblərin gücünü dəyərləndirən idman jurnalisti Natiq Muxtarlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, müasir futbolda heç bir komandaya etinasız yanaşmaq olmaz:

“Müasir futbolda heç bir komandaya etinasız yanaşmaq olmaz. İndi hər kəs futbol oynamağı bacarır. Üstəlik, söhbət Çempionlar Liqasından gedir. “Qarabağ”ın rəqibi öz ölkəsinin çempionu olacaq. Deməli, zəif rəqib deyil. Ona görə də istənilən rəqibə hörmət bəsləmək və ciddi yanaşmaq vacibdir. Bu baxımdan “Qarabağ”da boşluq olmur. Qurban Qurbanov heç vaxt “rəqibə hörmət” amilini ikinci plana atmayıb. Lakin biz dəfələrlə şahidi olmuşuq ki, avrokubokların ilk mərhələsində “Qarabağ”ın oyun keyfiyyəti qaydasında olmur. Təlim-məşq toplanışından sonra bunun üçün vaxt lazımdır. Daha bir amil odur ki, “Qarabağ” artıq Avropada ciddi rəqib kimi qəbul edilir. “Atlar”a rəqib olacaq istənilən komanda “Qarabağ”a qarşı ikiqat motivasiyalı olacaq, əzmlə mübarizə aparacaq. O komandalar üçün “Qarabağ”ı məğlub etmək prestij sayılacaq.

Bu amilləri nəzərə alsaq, “asan olmayacaq” deməliyik. Amma “Qarabağ” da “Qarabağ”dır. Gücü və təcrübəsi var. Oyun keyfiyyəti yerində olmaya bilər, amma ən azı ilk iki mərhələni təcrübəsi hesabına da keçə bilər.

Yəqin ki, komandada dəyişikliklər – gedənlər və gələnlər olacaq. Gedənlərin yaratdığı boşluğu gələnlər dərhal doldura biləcəkmi? Bu suala birmənalı cavab vermək çətindir. Hər transferin uğurlu olacağına təminat yoxdur.

Amma bütün hallarda “Qarabağ” vurğuladığımız o təcrübənin hesabına ilk iki mərhələni adlamalıdır. Belə olsa, Konfrans Liqasının qrupuna vəsiqə təmin edilmiş olur. Bundan sonra isə bu sualın cavabını alacağıq: Çempionlar Liqası, yoxsa Avropa Liqası?

Ümid edək ki, “Qarabağ”ın gücü Avropanın ən nüfuzlu turnirinin qrup mərhələsinə vəsiqə qazanmağa yetəcək”.


Oxunma sayı: 5193

Oxşar yazılar