Lənkəranda tələbə qızı boğaraq öldürən şəxs TUTULDU - FOTO

  • 10:45 - 16 May

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub.

Avropa.info xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub.

Lənkəran rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində cari ilin mart ayında itkin düşmüş Cəlilabad rayon sakini, 2002-ci il təvəllüdlü Könül Ağayevanın qəsdən öldürülməsi müəyyən edilib.

Könül Ağayeva

Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cü il təvəllüdlü Lənkəran şəhər sakini Elvin İsmayılzadənin martın 1-də Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birində Könül Ağayevanı boğaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün tanışı Xəyal Səmədovun köməkliyi ilə Könül Ağayevanın meyitini həmin fərdi yaşayış evinin birinci mərtəbəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Könül Ağayevanın meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Elvin İsmayılzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.

Qeyd edək ki, K.Ağayeva Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi olub.


Oxunma sayı: 5358

Oxşar yazılar