Özbəkistan prezidenti təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib

  • 10:52 - 30 Mart

Özbəkistan prezidenti Şavkat Mirziyoyev insanların sıx toplaşdığı yerlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib. 

Avropa.info xəbər verir ki, Özbəkistan dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, Mirziyoyev hüquq-mühafizə orqanlarının və təhlükəsizlik qüvvələrinin rəhbərlərinin iştirakı ilə ictimai təhlükəsizliyin təmin edilməsi məsələlərinə dair müşavirə keçirib. 

İclasda iri ticarət və xidmət obyektlərində, o cümlədən vətəndaşların kütləvi toplaşdığı ticarət və əyləncə kompleksləri, bazarlar, parklar və s. kimi yerlərdə ictimai asayişin mühafizəsinin təşkili ilə bağlı Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın rəhbər şəxslərinin məruzələri dinlənilib.

Bildirilib ki, ictimai təhlükəsizliyə yeni təhdid və risklərin artdığı indiki şəraitdə ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi sahəsində hüquq-mühafizə orqanları ilə sahibkarlıq subyektləri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi zəruridir. Eyni zamanda, ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı tədbirlər həyata keçirilərkən sahibkarlıq subyektlərinin və vətəndaşların qanuni hüquq və mənafelərinə ciddi əməl olunmasının vacibliyi vurğulanıb. 

Dövlət başçısı bu sahədə hüquq-mühafizə orqanları, vətəndaş cəmiyyəti institutları və sahibkarlıq subyektlərinin tam qarşılıqlı fəaliyyətini nəzərdə tutan hüquqi akt layihəsinin hazırlanmasını tapşırıb. 

Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın rəhbərliyinə əhalinin sıx olduğu yerlərdə ictimai asayişin qorunması istiqamətində həyata keçirilən tədbirləri daha da gücləndirmək, mümkün terror aktlarının və digər fövqəladə halların qarşısının alınması istiqamətində təsirli tədbirlər görmək tapşırılıb. 

Avropa.info


Oxunma sayı: 12442

Oxşar yazılar