Əlilliyin müəyyən edilməsində ölkədəki mövcud durum və çıxış yolları

  • 11:41 - 13 Mart

Son illərdə Azərbaycanda  əlilliyin statusunun müəyyən edilməsi sahəsinə yeni baxış müəyyənləşdirilib və ona uyğun islahatlar həyata keçirilməkdədir. Bu  sahədə həyata keçirilən islahatlar  beynəlxalq standartların tələblərinə  uyğun şəkildə tətbiq edilməyə başlanılıb.  Əlilliyin müəyyən edilməsi istiqamətində  həyata keçirilən islahatlarda uğurlarla yanaşı,  hələ də çatışmazlıqlar mövcuddur. Bu özünü həm qanunvericilikdə boşluqların olmasında, bürokratik əngəlliklərdə, məsələyə selektiv yanaşmada vəs. kimi məsələlərdə göstərir.  Əlillyinin müəyyən edilməsində daha geniş amillərin nəzərə alınmaması, tam şəffaflığın olmaması sonda  düzgün qərarın verilməsinə maneələr yaradır.  

Bu sahədə həyata keçirilən islahatlar, mövcud vəziyyət  və üzləşilən problemlərlə bağlı  "Demokratiyanı Öyrənmə" İctimai Birliyinin hazırladığı Hesabatda da bu məsələ geniş şəkildə əksini tapıb.

Hesabat hazırlanarkən  əlilliyin müəyyən edilməsindəki qaydaların tətbiqi sahəsində real vəziyyəti obyektiv şəkildə müəyyən etmək üçün geniş şəkildə araşdıma aparılıb və aşağıdakı nəticələrə gəlinib:

-Azərbaycanda əlilliyin müəyyən edilməsi ilə bağlı yeni qaydada əksini tapan xəstəlik qrupları əsasən Dünya Səhiyyə Təşkilatının beynəlxalq təsnifatına uyğundur;

-Yeni qanunvericilik köhnə sistemdən fərqli olaraq əlilliyin təyinatı zamanı paralel xəstəlikləri və funksional pozğunluqları nəzərə alır;

- Yeni mexanizmin şəffaf, ictimaiyyətə əlçatan və təfsilatlı hüquqi təlimatlar tətbiqi təcrübəsi mövcud deyil;

-Əlilllik statusu almağa imkan verən yanaşı xəstəlik və ya pozuqluqlara görə əlilliyin təyin edilməsi mexanizmi effektiv deyil, həmçinin müraciət edən şəxslərin sosial maraqlarını onların tibbi vəziyyətinə adekvat şəkildə təmin etmək üçün yetərli deyil;

- Aparılan sorğu əlillik statusu almaq üçün müraciət edən şəxslərin böyük əksəriyyətinin yeni qanunvericliklə bağlı yetərli səviyyədə məlumatlı olmadığını göstərir;

- Ehtiyacı olan şəxslərin çox az hissəsi müvafiq dövlət qurumlaırından zəruri yardım və təlimatlar ala bilirlər;

-Hələ də əlillik təyinatının aparılması üçün müvafiq qurumlarda qeyri-rəsmi ödənişlərə marağın qaldığı bildirilir;

- Xəstəlik tarixçəsində qeyd olunan nəticələr və müayinələrin nəticələrinin müvafiq göndərişlərdə düzgün əks etdirilməməsi hallarına sıx rast gəlinir;

- Yeni Qaydada əlillik dərəcəsinin təyini üçün meyarlar əvvəlki ilə müqayisədə daha dəqiqdir;

- Bu qaydalar yalnız orqanizmin funksiyasının deyil, həyat fəaliyyətinin də məhdudluğunu nəzərə alır;

-Prosesdə şəffalıq təmin edilmir, Tibbi-Sosial ekspert komissiyaları qəbul edilən qərarla bağlı yekun sənədi vətəndaşa təqdim etmir;

- Qərar qəbul edən və şikayətlərə baxan orqan eynidir və maraqların ziddiyəti baxımından prosesin effektivliyinin, şəffaflığının və etibarlılığının təmin edilməsi imkanlarını aşağı salır.

"Demokratiyanı Öyrənmə" İctimai Birliyi  hesabatda gəldiyi nəticəyə uyğun olaraq əlilliyin statusunun müəyyən edilməsi sahəsində yeni qaydaların tətbiqi sahəsində islahatların daha  səmərəli həyata keçirilməsi məqsədilə  hökumətə aşağıdakı tövsiyələri verib: 

- Əlilliyin qiymətləndiriliməsinin yeni meyarlarına uyğun olaraq, müraciət edən şəxsin tibbi vəziyyətilə yanaşı fərdin cəmiyyətdə fəaliyyət göstərmə qabiliyyətini də nəzərə almaq üçün həkimməsləhət və sosial-ekspert komissiyalarında həkimlərlə yanaşı, peşə terapevtlərinin və sosial işçilərin də iştirak imkanı nəzərdən keçirilməlidir;

- Yeni mexanizmin effektiv və şəffaf tətbiqi üçün ictimaiyyət üçün əlçatan təfsilatlı hüquqi təlimatların və ya bələdçilərin hazırlanmasına və internetdə paylaşılmasına ehtiyac var. Xüsusilə də qaydalar və onun istinad etdiyi beynəlxalq təsnifat sistemi müəyyən qədər mürəkkəbdir, bu səbəbdən həkimlərin və hüquqşünasların iştirakı ilə bu sənədlərin aydın izahına dair bələdçinin hazırlanması zəruridir;

- Əlilllik statusu almağa imkan verən yanaşı xəstəlikliklərin və funksiya pozuqluqlarının hər birinin yekun göstəricidə nəzərə alınması üçün yeni mexanizm hazırlanmalıdır;

- Əsas problemlərin Forma 88 adlanan tibbi göndəriş sənədinin doldurulduğu ilkin səhiyyə müəssisələrində baş verdiyini nəzərə alaraq, həmin səhiyyə müəssisələrinin heyəti üçün davamlı təlimlər təşkil edilməli, xüsusilə də monitorinq və araşdırmalar əsasında göndərişlərin natamam və ya yanlış doldurulması sıx təsadüf edilən həkim-məsələhət komissiyalarının müəyyən edilməsi istiqamətində addımlar atılmalıdır;

- Prosesdə şəffalığı təmin etmək üçün Tbbi-Sosial Ekspert Komissiyaları qəbul edilən qərarla bağlı yekun sənədi vətəndaşa təqdim etməli, xüsusilə imtinanın dəqiq və əsaslandırılmış səbəbləri, müraciətçinin sağlamlıq vəziyyətinin hansı meyarlara uyğun gəlmədiyinə dair qeydlər ilə tanışlıq hər bir vətəndaşın haqqıdır, həmçinin sonrakı mərhələdə hüquqlarının qorunması baxımdan zəruri məlumatlara malik olmaq onun haqqıdır;

- Qərar qəbul edən və şikayətlərə baxan orqanlar bir-birindən ayrılmalı, TSEK-lərin qərarlarının nəticələrilə bağlı şikayətlərinə başqa səhiyyə instansiyasında baxılmalıdır, ehtiyac yarandıqda məhkəmə araşdırmalarında alternativ və müstəqil tibbi ekspertiza institutlarının rəyi nəzərə alınmalıdır;

- Prosesdə insan amilinin rolunun mümkün qədər azaldılması üçün araşdırmalar aparılmalı, yeni mexanizmlərin tətbiqi imkanları nəzərdən keçirilməlidir;

-  Ömürlük əlillik təyin edilmiş şəxs ümumiyyətlə yenidən müayinəyə çağrılmamalı və bu məqam qaydalarda əksini tapmalıdır. 

Hesab edirik ki, ölkədə sosial siyasətin həyata keçirilməsinə məsul olan  müvafiq dövlət quurmları əllilyinin statusunun müəyyən edilməsində qaydaların tətbiqində  hesabatda əksini tapan  təkliflər nəzərə alınarsa bu daha effektiv nəticə verər və cəmiyyət tərəfindən müsbət qarşılanar.

Hesabatla tam şəkildə bu linkə daxil olaraq tanış olmaq olar.


Hüseyn


Oxunma sayı: 14268

Oxşar yazılar