Qadınların cəmiyyətdəki rolunun artırılması yürüdülən siyasətin əsas priorotetidir

  • 16:27 - 09 Mart

Hələ qədim türklərin ana kitabı olan «Kitabi-Dədə Qorqud»da qadına həssas münasibət, yüksək ehtiram, onun cəmiyyətdə tutduğu ali mövqe, mərdliyi və fədakarlığı xüsusi vurğulanmışdır. Bu müqəddəs kitabın bilavasitə varisləri olan azərbaycanlılar həmin ənənəni, yazılmamış qanunu günümüzə qədər yaşatmış və bu gün daha da yüksək səviyyəyə çatdırmışlar. Qədim dövrlərdən əcdadlarımız ən mühüm mənəvi dəyərlərimizin, adət-ənənələrimizin, dilimizin saflığının qorunub saxlanmasını qadınlarımıza etibar etmişlər.  

Müasir dövrdə də Azərbaycan qadınının bu özəl xüsusiyyəti xüsusi diqqət mərkəzindədir. Bu gün Azərbaycan qadını sivil dünya qurucularının təmsilçisi, sülh və əmin-amanlığa köklənmiş, cəmiyyətin ictimai-siyasi həyatında öz rolunu yaxşı başa düşən və bu missiyasını tam məsuliyyətlə həyata keçirən müstəqil bir insandır. 

Təsadüfi deyil ki, müsəlman Şərqində ilk dəfə seçki hüququ qazanmış qadınlar da Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşları, yəni Azərbaycan qadınları olmuşdur. Hüquqları konstitusiya ilə təsdiq edildikdən dərhal sonra Azərbaycan qadınları ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamış, az bir zamanda elm, maarif və siyasət sahəsində öz sözlərini demişlər.  

Tolerantlığı ilə seçilən Azərbaycan Respublikasında qadın hüquqları hər zaman qorunmuş, cəmiyyətin bütün sahələrində gender əsaslı fərqlərə yol verilməmişdir. Bu həmişə dövlətimizin siyasətinin bir istiqaməti olmuşdur. Azərbaycan xalqının ümummilli lideri ulu öndər Heydər Əliyev dövlətin idarəolunma prosesində qadınların iştirakına xüsusi önəm vermiş, qadın şəxsiyyətinə böyük hörmətlə yanaşmışdır. Cəmiyyətdə qadınların xüsusi rolunu aydın görən Ulu öndər onların hərtərəfli fəaliyyəti üçün şərait yaradır, qadınların yüksək vəzifələrdə çalışmasına xüsusi diqqət yetirirdi. Eyni zamanda, qadınların xüsusi diqqət və qayğıya da ehtiyacları olduğunu qeyd etmişdir: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.  

Ümummilli Lider Heydər Əliyevin dövlətdə qadın siyasətinə belə yanaşmasının nəticəsidir ki, bu gün Respublikamızın ictimai-siyasi həyatının mühüm sahələrində qadınlar aparıcı mövqe tuturlar. Bu gün Heydər Əliyevin müəyyənləşdirdiyi bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük uğurla davam etdirir. Dövlət rəhbərimizin həyata keçirdiyi siyasətdə gender bərabərliyi məsələləri xüsusi yer tutur. Qadın hüquqlarının müdafiəsi, qadınlar üçün yaradılmış imkanların daha da genişləndirilməsi, onların cəmiyyətdəki rolunun daha da artırılması dövlət başçısının həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biri olaraq qalmaqdadır.  

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti – ölkənin Prezidentdən sonra ən məsul vəzifəsinin qadına – Mehriban xanım Əliyevaya etibar edilməsi bu siyasətin bariz nümunəsidir.  Həmçinin Heydər Əliyev Fondunun prezidenti kimi məsul bir vəzifəni də yerinə yetirən Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq aləmdə xeyirxahlıq missiyasının təcəssümüdür, məhz onun ölçülmüş, məqsədyönlü fəaliyyəti nəticəsinə mədəniyyətimiz bütün dünyada geniş təbliğ olunur, bir çox mədəniyyət abidələrimiz YUNESKO-nun maddi və qeyri-maddi mədəniyyət irsi siyahısına daxil edilmiş, bununla da bunların əbədi mühafizəsi təmin edilmişdir. 

Həmçinin Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlanan və Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər sayəsində ölkəmizin nüfuzu daha da artmışdır. Onun rəhbərliyi və təşkilatçılığı ilə keçirilən tədbirlər Azərbaycanın güclü, sivil və dünyəvi dövlət olduğunu bir daha nümayiş etdirmişdir. 

Beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Azərbaycanın Birinci vitse-prezidentinin misilsiz xidmətləri vardır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir çox ölkələri əhatə edir. Prezidenti olduğu Heydər Əliyev Fondu isə uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilmişdir və onun bu fəaliyyəti Azərbaycanı layiqincə təqdim və təbliğ etməyə imkan yaratmışdır. Mehriban xanım Əliyeva mədəniyyətlərarası dialoqun bütün dünyada tanınmış nümayəndəsidir. Onun yürütdüyü humanist siyasət, təşkil etdiyi humanitar layihələr ölkəmizi daha yaxşı rakursdan təqdim etməyə imkan vermiş və bunun nəticəsində ölkəmiz özünə yeni dostlar, sədaqətli tərəfdaşlar qazanmışdır.  
Mehriban xanım Əliyevanın humanitar fəaliyyəti uzun illərdir ki, ölkəmizin hüdudlarından kənara çıxmışdır, Heydər Əliyev Fondunun prezidenti kimi dünyanın bir çox ölkələrində humanitar layihələr çərçivəsində səhiyyə, mədəniyyət və maarif sahəsində mühüm işlər görmüş, bununla da Azərbaycanın imicini yüksəklərə qaldırmışdır.  

Mehriban xanımın ölkənin birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun Prezidenti olaraq göstərdiyi fəaliyyət onun simasında Azərbaycanın nüfuzunun artması deməkdir.  Mehriban xanımın simasında Azərbaycan qadınının yüksək mədəni və elmi potensialı, dərin mənəvi və əxlaqi dəyərlərin daşıyıcısı olduğu nümayiş etdirilir.    

Ülviyyə Ağayeva,
Milli Məslisin deputatı 
 


Avropa.info


Oxunma sayı: 12860

Oxşar yazılar