Anlasınlar, ordumuzun cavabı sərt olacaq - AÇIQLAMA

  • 17:27 - 29 Fevral

“Azərbaycan Cənubi Qafqazın  sülh məkanına çevrilməsinin tərəfdarıdır. Bunun üçün rəsmi Bakı Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif edib. Amma bölgədə geosiyasi maraqları olan Qərb dairələri rəsmi İrəvana sülh sazişini imzalamamasını təşviq edir. Bu dairələr beynəlxalq müstəvidə ölkəmizə qarşı qarayaxma kampaniyası aparır, guya Ermənistana qarşı  yeni hücuma hazırlaşması barədə yalan təbliğat həyata keçirirlər.  Bu təbliğat fonunda Azərbaycan ordusunun Zəngilan istiqamətindəki mövqelərinin atəşə tutulması və hərbçimizin yaralanması, şərti sərhəddə atəşkəsin davamlı pozulması, Naxçıvan istiqamətində təxribatlara əl atılmasında məqsəd də vəziyyəti gərginləşdirmək və Azərbaycanı günahlandırmaqdır”. 

Bu fikirləri Avropa.info-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki,  Qərbdə müəyyən dairələr, xüsusilə Fransa  Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır. Çünki Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi həmin dairələr üçün “qəbuledilməzdir”. Halbuki, dövlətimiz beynəlxalq hüquq çərçivəsində addımlar atıb və BMT Nizamnaməsinə, Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən özünün beynəlxalq səviyyədə tanınan sərhədlərini bərpa edib. Lakin Azərbaycana münasibətdə Qərb üçün beynəlxalq hüququn tətbiq edilməsi maraqlı deyildi. Lakin dünyanın ədalətsizliyinə rəğmən Azərbaycan torpaqlarını öz gücünə  işğaldan azad etdi.

Millət vəkilinin sözlərinə görə, Fransanın Cənubi Qafqazla bağlı təhlükəli  planları mövcuddur. Ermənistanın silahlandırılması məhz bu məqsədə xidmət edir. Fransa Avropa İttifaqı üzərindən planlar qurur, Cənubi Qafqaza Ermənistanın vasitəsilə yerləşməyə çalışır. Ermənistana yerləşdirilən “mülki missiya”nın əsl missiyası da məhz bundan ibarətdir. Təsadüfi deyil ki, Paşinyan Fransada olarkən Rusiya və KTMT əleyhinə sərt bəyanatlar səsləndirib. Görünür, bu dəfəki səfər zamanı Makron Paşinyana yeni vədlər verib. Paşinyanın Parisə səfərindən bir gün sonra Fransanın müdafiə naziri Sebastian Lekornun Ermənistana səfəri məsələyə aydınlıq gətirir. Bir müddət öncə imzalanmış müqaviləyə əsasən, Fransa Ermənistana silahlar verib. Eyni zamanda, İrəvan və Paris artilleriya və raket sistemlərinin tədarükü ilə bağlı da danışıqlar aparır. Artıq hər səfər zamanı iki ölkənin müdafiə nazirləri yeni müqavilədə imzalayıblar. Bu faktlar Ermənistanın silahlandırılması fonunda onun regionumuzda yeni müharibəyə hazırlaşdırılmasını deməyə əsas verir. 

Sevinc Fətəliyeva qeyd edib ki, rəsmi Parisin siyasəti Cənubi Qafqazda sülhə və təhlükəsizliyə böyük təhdiddir. Prezident Makronun fevralın 21-də Parisdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü, görüş zamanı ölkəmizə qarşı səsləndirilən əsassız iddialar qəbulolunmazdır: "Ermənilərin maraqları naminə Fransanın beynəlxalq hüquqa hörmətsizliyi, bəşəri dəyərləri ayaqlar altına atması ən azı təəssüf doğurur. Bu, o deməkdir ki, Fransa hökuməti və parlamenti, bu ölkənin ayrı-ayrı siyasi dairələri uzun illərdir açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyət nümayiş etdirirlər. Bu yanaşma artıq Fransanın dövlət siyasəti səviyyəsinə yüksəlib. Fransa Cənubi Qafqazda müharibəni yenidən alovlandırmaq üçün Ermənistanda və xaricdəki bütün revanşist qüvvələrin səylərini birləşdirmək tələb olunur. Makron Paşinyanın Parisə son səfəri zamanı onu Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanla bir araya gətirib. Fransa daşnaklar və revanşist qüvvələrlə Paşinyanı “barışdırmağa” çalışır. Eləcə də, Nkol Paşinyanın Parisə səfərinin sonunda Fransa Kəşfiyyat Xidməti ilə Ermənistan Milli Təhlükəsizlik Xidməti arasında dörd ölkə - Azərbaycan, İran, Rusiya və Türkiyə ilə bağlı kəşfiyyat məlumatlarının mübadiləsinə dair razılıq əldə olunub. Bundan əlavə, Paris Ermənistanın sərhədləri boyunca hərbi-siyasi vəziyyətlə bağlı məlumatları özündə əks etdirən peyk məlumatlarını İrəvana ötürməyi planlaşdırır. Bu faktlar rəsmi Parisin məlum mövqeyini açıq-aşkar ortaya qoyur. Əlbəttə ki, bütün bunlar ilk növbədə Ermənistanın özünə ziyan vuracaq. Erməni cəmiyyəti bunu anlamalıdır. Çünki təcrübədə erməni təxribatlarının ordumuz tərəfindən necə cavablandrılması hər kəsə məlumdur".


Oxunma sayı: 12926

Oxşar yazılar