Onun sözü imzası qədər keçərlidir

  • 14:42 - 05 Fevral

Azərbaycan müasir dövrdə inkişaf tempinə görə dünyada xüsusi diqqət cəlb edən ölkələrdəndir. Müstəqilliyin bərpasından sonrakı dövrün əvvəlində ölkənin gələcəyi üçün ciddi təhlükələr yaranmışdı. Təbii ki, bu proseslərin nəticəsində baş verənlər gələcəkdə görüləcək işlər üçün də çox böyük təhdid idi. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün əngəlləri aşdı və ölkənin inkişaf dövrü başladı. Növbəti dövr isə bu siyasi kursun davamı və daha da inkişaf etdirilməsindən ibarət idi. Bu  missiyanı Prezident İlham Əliyev ən yaxşı formada həyata keçirdi. Onun hərtərəfli siyasətinin nəticəsində böyük uğurlar əldə edildi, o cümlədən, zəfər çalındı. Prezident xalqın inamından güc alır, xalq da onun gücündən ilhamlanır.

2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinin insanlar tərəfindən zəfər seçkisi kimi qəbul edilməsini görürük. Bu seçkilərdə də xalqımızın Prezident İlham Əliyevi dəstəklədiyinin şahidiyik. Xalqın Prezident İlham Əliyevi dəstəkləməsinin kifayət qədər əsasları var.  İlk öncə vurğulamalıyıq ki, cənab İlham Əliyevin Prezidentlik dövründən başlayaraq həyata keçirdiyi siyasət, gördüyü böyük işlər sadalamaqla bitməz. Hər kəs tərəfindən aydın şəkildə müşahidə olunan bir sıra məsələlərə toxuna bilərik.

İlham Əliyev Böyük sərkərdədir. O, son 200 ildə torpaq itirən Azərbaycan üçün qələbə səhifələrindən ibarət yeni tarix yazdı. Bu tarixin ən şanlı səhifələrindən biri olan Vətən müharibəsi dünya hərb tarixində özünəməxsus yer tutur. 44 günlük müharibəyə qədər və bundan sonra bir neçə döyüş əməliyyatları olub. Bunların da hər biri əks hücum əməliyyatı olmaqla strateji xarakter daşıyır. 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı ilə suvenrenliyimiz tam şəkildə bərpa edildi. Ali Baş Komandanın Dəmir Yumruğu düşmən üçün qorxu,  xalqımız üçün qürurericidir.

Cənab Prezident uzaqgörən siyasətçidir. Həm torpaqlarımızın işğaldan azad edilməsi, həm də bütün digər sahələrdə əldə olunan nailiyyətlər onun zamanı qabaqlaması və nəyi, necə, nə zaman edəcəyini yaxşı bilməsinin nəticəsində reallaşıb.
O, qayğıkaş dövlət başçısıdır. Prezidentlik fəaliyyəti boyunca vətəndaşlara qayğı özünü hər zaman biruzə edib. Cəmiyyətdə olan problemlərin həlli hər zaman onun diqqətində önəmli məsələ olaraq qalmışdır. Prezident kimi “Bizim siyasətimizin mərkəzində Azərbaycan xalqı dayanır” deməklə xalqın mənafeyinin üstünlüyünə, xalqın əmin-amanlığına işarə edir. O, ilk öncə vətənini, xalqını sevən fədakar vətəndaşdır. Xalqın maraqlarını ehtiva edən hər bir istiqamət onun xüsusi qayğısı ilə əhatə olunub.

Onun sözü imzası qədər keçərlidir. O, ölkə başçısı kimi bu günə qədər söz verdiyi bütün işləri həyata keçirib. İlk dəfə Prezident seçildikdə Qarabağ məsələsinin həlli ilə bağlı verdiyi söz başda olmaqla iqtisadiyyatın dirçəlməsi, sosial siyasət və bütün digər məsələləri əhatə edən vədlər reallaşdırılıb. Dəfələrlə heç bir zaman işğalla barışmayacağımızı deyən Ali Baş Komandanın bu sözünü tarix özü sübuta yetirdi. Bu ədalətsizliklə barışmadı və ədaləti bərpa etməyə müvəffəq oldu. 
Prezident Azərbaycanı dünya ölkələri üçün etibarlı tərəfdaşa çevirib. Azərbaycanın beynəlxalq nüfuzu günbəgün artmaqdadır. Avropa ölkələri də daxil olmaqla bir çox dünya ölkələri ilə strateji tərəfdaşdır. Yalnız son zamanlar keçirilən iri layihələr Azərbaycanın bir çox ölkələrin enerji təhlükəsizliyində xüsusi rol oynadığını açıq şəkildə göstərdi. Ölkə başçısının çoxşaxəli gərgin əməyinin sayəsində Azərbaycan dünya ölkələri arasında öz layiqli yerini tutmuşdur. Prezident regionda cərəyan edən mürəkkəb geoisiyasi proseslərə baxmayaraq hər bir fürsəti Azərbaycanın xeyrinə dəyişdirməyi bacarıb.
Azərbaycan Prezidenti qlobal səviyyədə hörmət edilən liderdir. Düzgün xarici siyasət hər zaman prioritet istiqamət kimi qəbul edilib. Onun həyata keçirdiyi balanslaşdırılmış siyasət öz bəhrəsini verib. Cənab Prezidentin beynəlxalq nüfuzu ölkəmizin xeyrinə işləyən vacib amildir. Avropa ölkələrinin liderlərinin onu ən çox arzuolunan şəxs adlandırması da öz növbəsində onun xarizmatik lider olduğunu göstərir. Onun Qoşulmama Hərəkatının sədri kimi fəaliyyəti də dünya üçün əhəmiyyətlidir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi, BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edilməsi kimi hadisələr onun ədalətli fəaliyyətinin lokal səviyyədə məhdudlaşmadığını və dünya üçün vacib töhfələr verdiyini göstərir.

Beynəlxaq səviyyədə verilən töhfələrdən söz düşmüşkən, İlham Əliyev dünyanın ən böyük beynəlxalq təşkilatının qətnamələrini təkbaşına icra edib. BMT-nin Qarabağ münaqişəsi ilə bağlı qətnamələri uzun illərdir ki kağız üzərində qalmışdı. Hər zaman sülh tərəfdaşı olduğunu açıq şəkildə ifadə edən Azərbaycan dövləti məhz Prezidentin uzaqgörən siyasətinin sayəsində “Prezident – Ordu – Xalq” birliyi ilə torpaqlarını azad edərək dünya miqyasında böyük bir təsisatın həll edə bilmədiyi məsələni öz gücünə həll etdi.

O, hər bir azərbaycanlının Prezidentidir. Azərbaycanda elə bir sahə yoxdur ki, Prezident onunla bağlı əməli addımlar atmasın. Xüsusilə vurğulamaq lazımdır ki, görülən bütün işlər daha güclü Azərbaycan üçün icra edilir. Heç bir sahə böyük əzmlə çalışan ölkə başçısının diqqətindən yayınmayıb. O cümlədən, cəmiyyətdə ictimai mənşəyindən, çalışdığı sahədən asılı olmayaraq Prezidentin daxili siyasətindən bəhrələnməyən vətəndaş yoxdur. Xüsusən də, həssas kateqoriyadan olan vətəndaşların problemləri Prezidentin gündəliyində ön sıradadır.

Prezident İlham Əliyev Azərbaycanı günbəgün inkişaf etdirən, Azərbaycan vətəndaşının ən böyük dayağı olan və xalqın sevgisini qazanan böyük şəxsiyyətdir. O, Azərbaycanı xilas edən siyasi kursun davamçısıdır. 20 ildən çoxdur ki, öz peşəkarlığı və bununla yanaşı Azərbaycançılıq sevgisi ilə yorulmadan çalışır. Bugünkü Azərbaycan məhz onun əməyinin bəhrəsidir. Şübhəsiz ki, Azərbaycanın parlaq gələcəyi onun əlindədir. Əminliklə qeyd edə bilərik ki, müdrik Azərbaycan xalqı yenidən Prezident İlham Əliyevə dəstəyini ən yaxşı formada ifadə edəcək.

Şahin İsmayılov,
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü 


Oxunma sayı: 18338

Oxşar yazılar