20 Yanvar - Milli İstiqlaliyyət hərəkatının zirvəsi

  • 11:16 - 20 Yanvar

Azadlığına qovuşmuş hər bir xalqın tarixində müəyyən bir həlledici an, təkanverici məqam olur. 20 Yanvar faciəsi də Azərbaycan xalqının həyatında yeni bir mərhələnin-müstəqilliyə aparan yolun başlanğıcı oldu. Bir tərəfdən, bu olaylar ümumxalq faciəsidir; sovet hökuməti tərəfindən guya azad və əmin-amanlığı qorunan dinc əhali özünün hesab etdiyi ordu vasitəsilə amansızcasına qətlə yetirilmiş, haqqını tələb etdiyinə görə «cəzalandırılmışdı». Digər tərəfdən isə bu, xalqımızın öz ləyaqətini qorumaq üçün ayağa qalxaraq birləşmək qüdrətində olduğunu, hər cür qurban verməyə qadir olduğunu göstərdi,  milli kimliyimizin formalaşmasına həlledici təsir göstərdi. Məhz 20 Yanvar faciəsindən sonra ölkəmizdə milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, qaçılmaz oldu və biz öz gələcəyimizin  yalnız müstəqil Azərbaycanda mümkün olduğunu dərk etdik. 

20 Yanvar xalqımızın müstəqillik və azadlıq yolunda apardığı milli istiqlaliyyət hərəkatının zirvəsidir və müasir dövrdə Azərbaycanın azadlıq  tarixinin şərəfli və ilk səhifəsidir. 20 Yanvar tarixi və bu tarixin qurbanları xalqımızı milli müstəqillik uğrunda mübarizəyə ruhlandırdı və biz dərk etdik ki, azadlıq heç kimə bəxş edilmir, onu qanınla, canınla əldə etməlisən ki, sonra da qədrini biləsən. Qanlı Yanvar hadisələrinin ertəsi günü hələ Moskvada olarkən böyük cəsarətlə düşmən ocağında heç nədən qorxmadan ilk rəsmi etiraz səsləndirən ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı: “Tariximizin 20 Yanvar səhifəsi imperiya güllələrinin səsindən açılsa da, şəhidlərimizin qanı ilə yazıldı. Həm də əbədi olaraq. 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Bir ildən sonra Azərbaycan yenidən dövlət müstəqilliyinə qovuşdu. Bu qanlı faciədən ötən müddət ərzində hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn yüz minlərlə həmvətənimiz azadlığımız uğrunda şəhid olmuş soydaşlarımızın məzarı qarşısında baş əyərək, onların xatirəsini əziz tuturlar”.

Ulu öndər xalqına qarşı törədilmiş bu soyqırımla barışmayacaqlarını elan etmiş və sözünə sadiq qalaraq 1994-cü ilin mart ayının 29-da Milli Məclisdə “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edilməsinə nail olmuşdu. O dövrün çətinliklərinə, siyasi çəkişmə və cəbhə bölgəsindəki gərginliklərə baxmayaraq, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev 20 Yanvar faciəsinin səbəbləri və bunun günahkarlarının araşdırılması ilə də məşğul olmuş və nəticədə bir çox həqiqətləri üzə çıxarmışdır. 

Ulu öndərin siyasi varisi və Azərbaycan xalqının Prezidenti cənab İlham Əliyev də bu xətti davam etdirmiş, xalqımızın azadlığı uğrunda canından keçmiş vətəndaşlarının xatirəsini əbədiləşdirmək və onlara layiqli qiymətlərini vermək, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm addımlar atmışdır.  19 yanvar 2006-cı il tarixli Fərmanı ilə “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü» təsis edilmişdir, bu təqaüd şəhid ailələrinə dövlət tərəfindən göstərilən qayğının bariz nümunəsidir. Dövlət rəhbərinin apardığı bu fəaliyyət strategiyası bu gün də davam etdirilir.

Bu gün 20 Yanvar faciəsindən 32 il ötür. İllər ötdükcə yaralar qaysaqlanır, ağrı kütləşir və bu gün biz əziz şəhidlərimizin xatirəsini yad edərkən göz yaşlarımızı boğaraq, başımızı dik tuta bilirik, onların qanlarının batmadığından qürur duyuruq və bizi birliyə, özümüzə inama qaytardıqlarına və müstəqilliyimizə qovuşdurduqlarına görə onlara Allahdan rəhmət diləyirik. Onların əziz xatirələrini qəlbimizdə daim yaşadacağıq.

Ülviyyə Ağayeva,
Milli Məclisin deputatı


Oxunma sayı: 19603

Oxşar yazılar