Milli həmrəyliyimiz qələbələrimizə layiqli töhfə verib - AÇIQLAMA

  • 14:13 - 31 Dekabr

“Dekabr ayının 31-i hər bir azərbaycanlı üçün olduqca əlamətdar gündür. Belə ki, 31 dekabr dünyanın dörd bir yanında yaşayan həmvətənlərimiz tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur. 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi birbaşa Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev hələ Naxçıvan Ali Məclisinin sədri olarkən onun təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilmişdir. Belə ki, 16 dekabr 1991-ci il tarixində baş tutmuş  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında “31 dekabr – Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü haqqında” böyük siyasi əhəmiyyət kəsb edən qərar qəbul edilmişdir. Bu tarixi hadisə Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin göstəricisidir”.

Bunu Avropa.info-ya açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva  deyib.

Deputat əlavə edib ki, həmin tarixi qərar bu gün də dünya azərbaycanlılarının mövqeyinə və mənafeyinə xidmət göstərir, həmvətənlərimizin bir yumruq kimi birləşməsinə, mənfur düşmənlərə qarşı birgə mübarizə aparmasına təkan verir: “Bu, Heydər Əliyevin gələcəyə hesablanmış uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir. 

Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Bu əlamətdar gün dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq həmvətənimiz tərəfindən qeyd edilir və dünya azərbaycanlılarının bir-biri ilə əlaqə qurmasında, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycana məhəbbət,  milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hislərini özündə təcəssüm etdirir.

Azərbaycançılıq məfkurəsini öz siyasətinin əsas xəttinə çevirən Heydər Əliyevin dünya azərbaycanlılarının milli birliyinə nail olmaq üçün atdığı tarixi əhəmiyyətli addımlar bununla yekunlaşmır. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini hər zaman diqqət mərkəzində saxlayır, onların problem və qayğılarına da böyük həssaslıqla yanaşırdı. Heydər Əliyev xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problemləri, qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verərək onları ölkəmizin həyatında fəal olmağa istiqamətləndirirdi. 

Dahi lider müxtəlif xarici ölkələrə çoxsaylı səfərlərində daim Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirirdi. Amerika Birləşmiş Ştatlarında (oktyabr,1995), İngiltərədə (noyabr, 1995), Gürcüstanda (mart,1996), Norveçdə (aprel,1996) Azərbaycan diasporu ilə keçirdiyi səmimi görüşləri onun bu məsələyə xüsusi diqqət və qayğı ilə yanaşdığının bariz nümunəsidir. Eyni zamanda, Ümummilli Lider xarici ölkələrdəki səfirliklərimizi də diaspor quruculuğu prosesinə cəlb edirdi. 

Milli həmrəyliyimiz Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edir. Bu gün dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verirlər. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji  təxribatlarının qarşısının alınmasında dünya azərbaycanlılarının nümayiş etdirdiyi qətiyyət təqdirəlayiqdir. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri danılmazdır. Ölkə xaricində yaşayan həmvətənlərimizin düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları qələbəmizə layiqli töhfə olmuşdur. 

Ümummilli Lider Heydər Əliyevin söylədiyi bu müdrik kəlam bu gün hər bir soydaşımızın milli şüarı, milli qürur rəmzidir: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.

Avropa.info


Oxunma sayı: 48852

Oxşar yazılar