“Şərur” MTK-nın sədrindən Nazirlər Kabinetinə və Milli Məclisə təklif

  • 11:58 - 12 Dekabr

“Şərur” MTK-nın sədri İsfəndiyar Axundov vətəndaşlarla MTK-lar arasında yaranan narazılığın aradan qaldırılması üçün Nazirlər Kabinetinə və Milli Məclisə təklif göndərib.

Avropa.info həmin məktubu təqdim edir:

"Azərbaycan Dövlətinin memarı, xalqımızın ulu öndəri Heydər Əliyevin Azərbaycan xalqının rifahının yaxşılaşdırılması, sosial şəraitin yüksəldilməsi, habelə, milli inkişafın artırılması istiqamətində həyata keçirdiyi daxili və xarici siyasətin layiqli davamçısı cənab İlham Əliyevin ölkəmizin işğaldan azad olunması və sərhədlərimizin bərpası istiqamətində apardığı rassional siyasətin dövlət başçısı tərəfindən ardıcıl qəbul olunmuş dövlət proqramlarının nəticəsi olaraq intensiv inkişafın, o cümlədən, sosial rifahın yüksəlişi göz önündədir. Sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət və s. sahələrdə innovativ sistemlərin yaradılması milli tərəqqinin bariz nümunəsidir. 

Milli inkişafın və əhalinin sosial rifahının yaxşılaşdırılmasında tikinti sektorunun müstəsna rolu vardır. Bu sahədə rəhbərlik etdiyim “Şərur” MTK on illiklər ərzində on minlərlə ailənin yeni mənzillərlə təmin olunmasında və bununla da ölkə rəhbərliyinin tapşırıqlarının ləngimədən həyata keçirilməsində əsas iştirakçılardan olmuşdur.

On illiklər ərzində tikinti sənayesində yetərincə təcrübəyə malik bir MTK rəhbəri kimi bu sahədə respublikamızda həyata keçirilən yeni reformaların, qəbul olunmuş qanunların, normativ aktların, xüsusilə ölkə prezidentinin imzaladığı fərman və sərəncamların xalqımız üçün təkzibolunmaz faydasını xüsusilə qeyd etmək istəyirəm. Qeyd edilənlərlə yanaşı tikinti sahəsində zamanla bəzi çətinliklərlə rastlaşdığımızı da bildirmək istəyirəm. 

Hər kəsə məlumdur ki, Bakı şəhərində quruculuq işlərinin həyata keçirilməsinin tərkib hissəsi kimi pilot layihələrin tətbiqi uğurlu həyata keçirilir ki, bunun nəticəsi olaraq paytaxt məhəllələrinin əksəriyyətinin tikilib abadlaşdırılması Bakı şəhəri cənab İlham Əliyevin dediyi kimi, dünyanın ən gözəl şəhərlərinin birinə çevirmişdir. 

Bununla yanaşı, pilot layihələrin həyata keçirilməsində bir çox hallarda  ayrı-ayrı vətəndaşların qeyri-real tələbləri tikinti işlərinin ləngidilməsinə səbəb olur. Beləliklə evindən köçürülmüş mənzil sahiblərinin yeni mənzillə təmin olunması faktiki olaraq gecikdirildiyindən, köhnə mənzilindən köçürülmüş insanların yeni binanın başa gəlməsinə qədər MTK-lar tərəfindən məcburi qaydada kirayə haqqı üçün izafi ödənişlər həyata keçirilir.  Bu hal vətəndaşlar və MTK-lar arasında haqlı narazılıqlara gətirib çıxarır. Qeyd olunan məsələ onunla bağlıdır ki, məhəllə və bina sakinlərinin əksəriyyəti ilə MTK rəhbərləri qanunvericiliyin tələbləri çərçivəsində ümumi razılığa gəldikləri halda bir neçə mənzil sahibləri ümumi qaydalardan artıq tələblər ortaya qoymaqla layihə məkanında söküntü işlərinin, mühəndis geoloji işlərinin aparılması, tikintinin təşkili və s. məsələlərin həllinə son nəticədə tikintinin vaxtından əvvəl başa çatmasına əngəllər yaranır. 

Bəzi ölkələrin təcrübəsində bu məsələ ümumi razılıqlarının böyük hissəsinin (60-70 faizi) əldə edilməsi söküntü işlərinin aparılmasında əsas götürülür. 

Məhəllə üçün MTK tərəfindən müəyyən edilmiş mənzil sahələrinin  müəyyənləşdirilmiş tariflərini qəbul etməyən azlıqlar isə həmin dövlətərin müvafiq qanuni müddəaları ilə razılaşmalı olurlar. Beləliklə, tikintinin başa çatması və köhnə mənzillərindən köçürülmüş əhalinin vaxtında yeni mənzillə təmin olunmasına nail olunur.

Qeyd olunan hallarla pilot layihələri həyata keçirən əksər MTK-lar rastlaşır və bu hal MTK-lar arasında çoxsaylı müzakirələrə səbəb olur.

Cənab baş nazir, tikinti sektorunun rəhbəri kimi bu təklifləri verməklə əsas məqsədimiz ondan ibarətdir ki, gənc, eyni zamandamüstəqil inkişaf yoluna qədəm qoymuş və çox qısa müddət ərzində özünün daxili və xarici siyasəti ilə böyük nüfuz qazanmış dövlətimizin uğurlu iqtisadi inkişafında dövlət və vətəndaş həmrəyliyinin möhkəmlənməsini, xalqın öz dövlətinə olan inamının daha da artırılmasını, son vaxtlar böyük zəfərlər qazanmış güclü və qüdrətli prezidentimizin xalqla sıx bağlı olmasını dəstəkləyən yeni iqtisadi qanunların səmərəliliyinin artırılmasına töhvə verməkdir. 

Bir peşəkar tikinti mütəxəssisi kimi öz bilik və bacarığımı, səmərələşdirici təkliflərimi həm qanunvericilik funkisyasını həyata keçirən Milli Məclisə, həm də Nazirlər Kabinetinə ona görə ünvanlayıram ki, bu iki mühüm orqan əlaqəli şəkildə dövlətimiz üçün əhəmiyyət kəsb edən yeni faydalı qanunların verilməsi, tənzimlənməsi və müzakirəsi uğurlu nəticə verə bilsin.

Cənab baş nazir, hesab edirəm ki, tikinti sektoru üzrə, xüsusilə pilot layihələrin həyata keçirilməsində Bakı şəhərinin ayrı-ayrı məhəllələri üzrə konkret qiymət tənzimlənməsi aparılması məqsədəuyğundur. Bu o deməkdir ki, şəhərin müxtəlif ərazilərində, yəni kənarlarda, mərkəzdə və s. ətraf bölgələrdə hər bir məhəllə üzrə qiymət tənzimlənməsi aparılsın. Hər bir vətəndaş  əvvəlcədən bilsin ki, o, pilot lahiyə tikintisi aparılarkən işi yerinə yetirən MTK-dan hansı məbləğdə vəsait əldə etmək imkanınamalikdir. O, pilot lahiyəni həyata keçirən MTK ilə mənzil mübadiləsini davam etdirə bilər, yaxud, əvvəlcədən müəyyən edilmiş vəsaiti alıb, özünə başqa yerdə də mənzil axtara bilər. 

Göstərilənləri nəzərə alaraq bu sahədə mövcud qanunvericilikdə müvafiq dəyişikliyin edilməsi ilə MTK-lar və sakinlər arasında mənzil sahələri mübadiləsi və əvəzləməsi istiqamətində yeni tənzimləmə müddəalarının qəbul edilməsi zərurətinin diqqətə alınmasını xahiş edir və sözügedən mübahisəli halların aradan qaldırılmasına ümid edirik.

“Şərur” MTK-nın sədri 

İsfəndiyar Axundov"


Oxunma sayı: 41669

Oxşar yazılar