Azərbaycan ordusunun gücü - Güllə atılmadan azad edilən Kəlbəcər

  • 17:56 - 25 Noyabr

“2020-ci il sentyabr ayının 27-də Ermənistanın işğal etdiyi  torpaqlarımızın  azad edilməsi uğrunda Vətən müharibəsi başlandı. Əslində, müharibə heç bir halda sevinclə qarşılana bilməz. Ancaq Azərbaycan xalqı bu hadisəyə tamamilə başqa reaksiya verdi. 30 ilə yaxın bir müddətdə Vətən həsrəti, məğlub olmaq xəcaləti bir çox ürəkləri qubarlatmışdı, sanki bizi xəcalətli etmişdi. Bütün Qarabağdan utana-utana yaşamaqdan bezən xalq sanki Ali Baş Komandanın əmrinə müntəzir idi, gənc nəslin humanizm dəyərləri çərçivəsində tərbiyə edilməsinə baxmayaraq, hamı bir nəfər kimi müharibəni gözləyirmiş. Səfərbərliyə sevindik, döyüşlərə könüllü getmək üçün ər oğullar növbəyə durdu. Müharibənin ilk günlərindən bir-birinin ardınca qələbə xəbərləri almağa alışdıq. Murovdağ, digər hərbi əhəmiyyətli zirvələr, Suqovuşan, Füzuli, Cəbrayıl, Qubadlı…

Nəhayət, 8 noyabr. Azərbaycan tarixində yeni və ən şanlı bir gün. Şuşa azad edildi. Bu xəbər düşmənin belini qırdı. 9 noyabr bayraq günümüz ikiqat bayrama çevrildi. Şuşanın azad edilmə sevinci Bayrağımızı daha əziz, daha möhtəşəm etdi və hələ bu bayram sevincindən oyanmamış daha bir bayram xəbəri aldıq: Ermənistan kapitulyasiyaya aktına razı olub ağ bayraq qaldırdı.

Noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidir. Azərbaycan ordusunun gücünü  və nəyə qadir olduğunu görən Ermənistan bir gülə atılmadan Ermənistan ən mürəkkəb coğrafi relyefə malik Kəlbəcəri geri qaytara razı oldu.  Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin...”

Bunu Avropa.info-ya açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib.

Deputat bildirib ki, ancaq gözü doymayan düşmən son nəfəsinə kimi bu torpaqlardan qənimət aparmaq istəyirdi, 27 il özəlləşdirib yaşadıqları evlərimizin damı, daşı, meşələrimizin ağacları maşınlarına yükləndi:

“Gözləri doymadı. İmkanları olsaydı, havanı da yığıb daşıyardılar. Apara bilmədiklərini məhv edir, evləri yandırır, meşələrə od vurur, suları çirkləndirərək ekoloji fəlakət törədirdilər.

Bununla bir daha bütün dünyaya öz vəhşi mahiyyətlərini,  XXI əsrdə misli görünməmiş bir  vandalizmi  nümayiş etdirirdilər. Noyabrın 15-ə qədər gözləri doymadığına görə  Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi. Qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla buranı tərk etdilər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün şərait yaratmışdı.

Halbuki işğalçılar vaxtilə Kəlbəcər əhalisinə öz evlərindən qovulmaq üçün10 saat vaxt vermişdilər, onda da yollarını bağlayaraq uşaq, qoca, qadın bilmədən bacardıqları qədər insanı qətlə yetirmişdilər. 

Bu addımı ilə Azərbaycan dövləti bir daha düşməndən hərbi cəhətdən güclü və mənəvi cəhətdən qat-qat uca olduğunu nümayiş etdirdi. Bu, Azərbaycan və Ermənistan arasındakı fərqin bariz nümunəsidir, danılmaz faktdır. 

27 illik həsrətdən sonra 10 günün həsrətinə dözmək olardı. Ancaq bu on gün nə qədər ağır idi. Sanki hər dəqiqə bir günə çevrildi. Nəhayət, bu günü də yaşadıq. Noyabrın iyirmi beşi. Kəlbəcər işğaldan azad olundu.

Kəlbəcərin azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsinin Azərbaycan dövləti tərəfindən icrasının təmin edilməsi deməkdir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən, hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edildi, öz tarixi sahiblərinə 
geri qaytarıldı. Azərbaycan Ordusu olduqca çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcərə bir güllə atmadan daxil oldu.

Kəlbəcərin işğaldan insan itkisi vermədən azad edilməsi Ali Baş komandanımızın müdrik rəhbərliyi altında qəhrəman oğullarımızın şanlı hərbi Qələbəsi nəticəsində mümkün olmuşdur. Artıq  bu torpaqlar uğrunda qan tökmüş şəhidlərimizin, günahsız qurbanlarımızın, məzarları təhqir edilmiş babalarımızın ruhları rahat uyuya bilir. 

Yaşadığımız o günlər, o anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq.  

Bu torpaqlarımızı özümüzə qaytaran, milli qürurumuzu ucaldan, birliyimizə özümüzü inandıran Ali Baş Komandana, Azərbaycan ordusuna, igid oğullarımıza eşq olsun!

Kəlbəcər bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Avropa.info


Oxunma sayı: 17381

Oxşar yazılar