Azərbaycanda yeni pullu yolla bağlı RƏSMİ AÇIQLAMA

  • 12:38 - 18 Oktyabr

Regionların davamlı və tarazlı inkişafının təmin olunması üçün müasir yol-nəqliyyat infrastrukturunun yaradılması müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni hissəsi ölkəmizin nəqliyyat infrastrukturunun güclənməsində önəmli rol oynayır. 129 kilometr uzunluqda olan bu yol Azərbaycanın tranzit daşımalarda iştirak imkanlarını genişləndirəcək, yüklərin çatdırılma müddətini azaldacaq, bölgədə turizmin inkişafına təkan verəcək.

Bu yol ənənəvi yoldan qısadır və sürət həddi daha yüksəkdir. Məsafənin qısa və sürət həddinin yüksək olması isə istifadəçilərə vaxtla yanaşı, yanacağa qənaət etməyə imkan verəcək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə bu yol ödənişli yol kimi müəyyən olunub. Qanunvericiliyə əsasən, keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən ödənişsiz avtomobil yolu mövcud olduqda ödənişli avtomobil yolları yaradıla bilər və bunun əhalinin həssas təbəqəsinə mənfi təsiri olmur. Çünki bu yoldan istifadə seçimdən asılıdır. Belə ki, eyni keyfiyyətdə ənənəvi yol da mövcuddur.

Həmin yoldan istifadə üzrə gediş tariflərinin müəyyənləşdirilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tarif (qiymət) Şurasına müraciət edilib və 17 oktyabr 2023-cü il tarixində Şuranın növbəti iclası keçirilib.

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib. Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).

Məsələ ilə bağlı Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, bu, Azərbaycanda inşa edilən ilk ödənişli magistral yoldur.

"Yeni ödənişli yollar olarsa, artıq, yəqin ki, müvafiq təyin olunmuş tariflərə uyğun olacaq. Gələcəkdə də hər hansısa yeni yollarla bağlı gediş tariflərinin müəyyənləşdirilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tarif (qiymət) Şurasına müraciət edilə bilər. Konkret olaraq indidən nəsə demək tezdir", - deyə o qeyd edib.


Oxunma sayı: 56354

Oxşar yazılar