Azərbaycanda ödənişli yolun qiyməti açıqlandı - RƏSMİ

  • 21:14 - 17 Oktyabr

Ənənəvi yola alternativ olaraq yaradılmış Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsi və bir sıra dərman vasitələri üçün tariflər müəyyənləşdirilib.

Şuradan Avropa.info-ya verilən məlumata görə, son illərdə ölkəmizdə avtomobil yolları əsaslı şəkildə yenidən qurularaq təkmilləşdirilib, həmçinin yeni avtomobil yolları, körpülər və yol ötürücüləri inşa edilərək əhalinin istifadəsinə verilib.

Regionların davamlı və tarazlı inkişafının təmin olunması üçün müasir yol-nəqliyyat infrastrukturunun yaradılması müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni hissəsi ölkəmizin nəqliyyat infrastrukturunun güclənməsində önəmli rol oynayır. 129 kilometr uzunluqda olan bu yol Azərbaycanın tranzit daşımalarda iştirak imkanlarını genişləndirəcək, yüklərin çatdırılma müddətini azaldacaq, bölgədə turizmin inkişafına təkan verəcəkdir.

Bu yol ənənəvi yoldan qısadır və sürət həddi daha yüksəkdir. Məsafənin qısa və sürət həddinin yüksək olması isə istifadəçilərə vaxtla yanaşı, yanacağa qənaət etməyə imkan verəcəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli Qərarı ilə bu yol ödənişli yol kimi müəyyən olunub. Qanunvericiliyə əsasən, keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən ödənişsiz avtomobil yolu mövcud olduqda ödənişli avtomobil yolları yaradıla bilər və bunun əhalinin həssas təbəqəsinə mənfi təsiri olmur. Çünki bu yoldan istifadə seçimdən asılıdır. Belə ki, eyni keyfiyyətdə ənənəvi yol da mövcuddur.

Həmin yoldan istifadə üzrə gediş tariflərinin müəyyənləşdirilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tarif (qiymət) Şurasına müraciət edilib və 17 oktyabr 2023-cü il tarixində Şuranın növbəti iclası keçirilib.

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib. Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).

Gediş üçün ödənişin məbləği avtomobil yolunun texniki dərəcəsi, aidiyyəti qurumlar tərəfindən aparılan monitorinqlər əsasında nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla müəyyənləşdirilib. Hazırda yolda son tamamlama işləri aparılır.

İclasda həmçinin yeni dövlət qeydiyyatına alınan 202 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 48 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılmışdır. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) "Şuranın qərarları" bölməsində tanış olmaq olar.

Qərarlar 20 oktyabr 2023-cü il tarixindən qüvvəyə minəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial orqandır. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Tarif (qiymət) Şurasının sədri, maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, energetika nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, elm və təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Şuranın üzvləridir.


Oxunma sayı: 58158

Oxşar yazılar