Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümüdür

  • 10:00 - 17 Oktyabr

Bu gün – oktyabrın 17-si Füzuli şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür.

2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri idi.

Nəticədə, Füzuli rayonunun 18 kəndi, üstəlik Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir.

Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.

Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli, Horadiz, Əhmədalılar, Qazaxlar və Mirzənağılı kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Həmin gün Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Dağlıq Qarabağ ətrafı təmas xəttinin əsasən şimal, şimal-şərq və cənub-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinin ön xəttdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilərək məhv edilib.

Aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

3 oktyabr tarixində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyatı cəbhənin cənub-şərq cəbhəsində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad ediməsi ilə nəticələnir. Bununla belə əməliyyatların keçirildiyi ərazilər Azərbaycan ordusunun irəlləməsi ilə yüksək dağlıq ərazilərə keçməsi və düşmən tərəfindən Füzulinin təmas xəttində bir neçə müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yubadırdı. Bu istiqamətdən irəliləməyin çətinliyi nəzərə alınaraq əməliyyatların istiqaməti dəyişdirilir. 9 oktyabr tarixində Azərbaycan ordusu Xocavənd rayonunun Sor kəndi və Hadrut qəsəbəsini, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndlərini işğaldan tam azad edir.Düşmənin 10 oktyabr tarixində Hadrut istiqamətindəki Tuğ kəndindən və Cəbrayıl istiqamətindəki Arakul və Banazur kəndlərindən hücuma keçməyə çalışır. Lakin Azərbaycan ordu bölmələrinin gördüyü tədbirlər nəticəsində düşmən çoxsaylı canlı qüvvə və hərbi texnika itirərək geri çəkilmək məcburiyyətində qalır. 14 oktyabr tarixində Azərbaycan ordusu irəliləməni davam etdirərək Füzuli rayonunun Qaradağlı, Xatınbulaq, Qarakollu və Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü, Tağaser kəndlərini işğaldan azad edir.Növbəti gün ordu irəliləməni davam etdirərək üç rayon ərazisindən Füzuli şəhərinin şərq istiqamətdə bir neçə kəndi azad edir. Şəhər uğrunda gedən döyüşlərin son fazasından öncə 16 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad edir. Şəhərin azad olunmasından öncə artıq şəhər bir necə istiqamətdə Azərbaycan ordusu tərəfindən mühasirəyə alınır.

Nəhayət 16 oktyabrdan 17-nə keçən gecə şəhər uğrunda şiddətli döyüş başlayır. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qalır. Nəticədə Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad edilir. Əməliyyatlar nəticəsində Ermənistan ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan məhv edilib.

Avropa.info


Oxunma sayı: 8933

Oxşar yazılar