Azərbaycanda vəba təhlükəsi ilə bağlı AÇIQLAMA - RƏSMİ

  • 15:48 - 09 Oktyabr

Dünyada vəba xəstəliyi sürətlə yayılır.

Bu xəstəliyə yoluxanların sayı 5000 nəfəri ötüb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında qeyd edilib.

Bəs Azərbaycanda vəbayla bağlı vəziyyət necədir və bu xəstəlikdən qorunmaq üçün hasnı qabaqlayıcı tədbirlər görülməlidir?

Bu barədə Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən News24.az-a verilən məlumata görə, kəskin bağırsaq infeksiyalarına aid olan vəba xəstəliyinin yayılması əsasən vəba törədiciləri ilə çirklənmiş su, bəzi hallarda isə qida və təmas yolu ilə baş verir. Xəstəliyin hava ilə yayılması mümkün deyil.

Ölkəmizdə vəba xəstəliyi ilə bağlı vəziyyət daim nəzarət altında saxlanılır. Ölkəyə daxil olan və ölkəni tərk edən yerli və ya xarici vətəndaşların səhhətində hər hansı oxşar əlamətlər aşkarlanarsa, həmin şəxslər müvafiq tibbi müayinələrdən keçirilir.

Səhiyyə Nazirliyinin 12 iyun 2019 -cu il tarixli 45 N-li əmrinə əsasən Respublika ərazisində vəba xəstəliyinə qarşı genişmiqyaslı tədbirlər həyata keçirilir. Belə ki, may ayından başlayaraq oktyabr ayının sonuna kimi ölkə ərazisində vəba xəstəliyinə qarşı bütün qabaqlayıcı tədbirlər, həmçinin su hövzələri üzərində monitorinqlər aparılır. Götürülən nümunələr ayda 2 dəfə olmaqla toplanıb, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilir. Mütəmadi həyata keçirilən laboratoriya müayinələri nəticəsində uzun illərdir ki, vəba törədiciləri aşkar olunmayıb.

Bir sıra Asiya, Afrika və Cənubi Amerika ölkələrində vəba xəstəliyinin alovlanmaları və tək-tək hadisələri mütəmadi olaraq baş verir və digər ölkələrdən vəba xəstəliyinin ölkəmizə gətirilməsinin qarşısının alınması üçün həm ölkənin sərhəd buraxılış məntəqələrində, həm də ölkə ərazisində etibarlı və sistemli sanitariya-epidemioloji nəzarəti təşkil olunub.

Xəstəliyin əlamətlərinə görə şübhəli şəxs müəyyən olunarsa, bu zaman Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində laboratoriya diaqnostikasını aparmaq üçün lazımı avadanlıq və reaktivlər var.


Oxunma sayı: 3631

Oxşar yazılar