Ali təhsil sistemində mövcud durum və onun aktual problemləri

  • 12:58 - 17 Sentyabr

Müasir dövrdə hər bir cəmiyyətin, hər bir dövlətin rifahının, inkişaf səviyyəsinin, qüdrətinin əsasında cəmiyyətin intellektual səviyyəsi dayanır. Bu amil ölkədə təhsilin vəziyyəti ilə bağlıdır. Hazırda bəşəriyyət informasiya əsrini yaşadığından təhsilin hər bir dövlətin güc və qüdrətini xarakterizə edən və ölkənin inkişafının təməlində duran amillərdən biri olması təbiidir.

Təhsil dinamik prosesdir. O bütövlükdə dünyanın və, konkret olaraq, regionun və dövlətin inkişafına münasib olaraq dəyişir, təkmilləşir, vaxtaşırı sınaqdan keçir. Buna görə də müasir dövrdə təhsil cəmiyyətin müasir durumunu özündə təcəssüm etdirən mövcud sistemin vacib elementidir.

Azərbaycanın ali təhsil sistemi müstəqillik bərpa ediləndən bəri özünün yeni mərhələsini yaşayır. Təhsilin yeniləşməsi, məxsus olduğu dövrün tələblərinə müvafiq şəkildə dəyişməsi və zamanın tələbinə uyğunlaşması problemi bütün dövrlərdə vaxtaşırı olaraq aktuallaşıb. Qaldırılan problemlər bu və ya digər səviyyədə həll edilib və ya buna cəhd edilib. Hazırda təhsilin real həyata uyğunluğu, dövrün tələblərinə cavab verə bilməsi problemi daha kəskin şəkildə ortaya çıxıb. Başlıca səbəb isə köhnə ictimai-iqtisadi, siyasi-mənəvi sistemin iflasa uğraması ilə əlaqədar köhnə tələblər, texnologiyalar, münasibətlər və dəyərlər sistemi üzərində qurulmuş təhsilin öz təməlindən məhrum olması, lazımsız hala gəlib çıxması olub. 

İctimai-iqtisadi sistem, ideoloji mühit dəyişir, yeni münasibətlər sistemi cəmiyyətin həyatına daxil olur. Belə bir mühitdə yaranmaqda olan yeni həyatın tələblərinə uyğunlaşmaq lazım gəlir. Lakin burada da qarşıya çoxsaylı suallar və problemlər çıxır. Köhnədən imtina, yeninin qəbul edilməsi də mexaniki olaraq həyata keçirilə bilmir. Bu işə diqqət və zaman ayırmaq, enerji və vəsait sərf etmək asan məsələ deyil. Digər tərəfdən, təhsil insan həyatının daha çox mühafizəkar tərəfi ilə bağlıdır və onun dəyişməsi, qısa müddətdə müasir tələblər səviyyəsinə qaldırılması mümkün deyil.

Eyni zamanda, təhsilin digər sahələrdə gedən prosesləri də qabaqlaması qarşıda bir vəzifə kimi dayanmaqdadır. Təhsilin yeni ictimai-iqtisadi mühitlə, əmək bazarı ilə tarazlaşması tədricən gedir. Təhsilin mükəmməlləşməsi üçün zamanın tələb olunmasının səbəblərindən biri də onun aid olduğu sahələrlə uyğunlaşması və oturuşmasına olan ehtiyacdan irəli gəlir.

Müasir dövrdə Azərbaycan Respublikasının təhsil sistemində aparılan islahatlar və məqsədyönlü şəkildə görülmüş işlər tədricən öz bəhrəsini verir. Köhnə təhsil sistemindən tədricən uzaqlaşılması, yeni şəraitə uyğun standartlara keçid, təhsilin müxtəlif mərhələlərində ümumdünya təhsil məkanının standartlarına qayıdış, Boloniya prosesinə qoşulma, Avropa və dünya ictimai iqtisadi məkanına inteqrasiya artıq öz bəhrəsini verməkdədir. Lakin haqqında danışılan proses daimi olduğundan onun qarşısında yeni-yeni vəzifələr qoyulur. Əgər əvvəllər başlıca vəzifə köhnə sistemdən imtina edilərək təhsilin yeni mühitin tələbləri səviyyəsində qurulması, dünya standartlarının tam oturuşmasına nail olmaq idisə, hazırda vəzifə qabaqcıl dünya təhsilinin rəqabət mühitində tamhüquqlu subyekt səviyyəsinin təmin edilməsi və daim təkmilləşərək bu səviyyənin qorunub saxlanmasıdır. Avropa standartına uyğunlaşmaq, onun fəaliyyət və mövcudluq şərtlərinə gəlib çatmaq birinci vəzifə idisə, bunu əldə etdikdən sonra həmin rəqabət mühitinin tam hüquqlu subyekti kimi bu vəziyyəti qoruyub saxlamaq bundan sonrakı fəaliyyətin əsas hədəfidir.

Ali təhsilin bu gün üçün aktual problemi keyfiyyətin yüksəldilməsi, Avropa iqtisadi məkanında hazırlanmış kadrların rəqabər qabiliyyətliliyinin təmin edilməsidir. Əgər son illərə qədər ali təhsildə əsas diqqət yenidənqurma və quruculuq işlərinə verilirdisə, indi təhsilin keyfiyyəti öz plana çıxır. Düzdür, keyfiyyət təhsildə həmişə vacib amillərdən biridir. Lakin cəmiyyətin digər problemləri həll edildikcə keyfiyyət amili daha çox önəm kəsb edir. Əvvəl-əvvəl ölkənin daxili əmək bazarının keyfiyyətli mütəxəssislərlə təmin edilməsinə olan ehtiyac təhsil keyfiyyətini diqqət mərkəzinə çəkir. Zaman keçdikcə isə ölkənin Avropaya və dünyaya inteqrasiyasının dərəcəsinə uyğun olaraq bu miqyasda kadr hazırlığının tələbləri yeni keyfiyyət hədəfləri müəyyənləşdirir. Bu proses, yekun olaraq, Azərbaycanın dünya təhsil məkanında rəqabət qabiliyyətinin davamlı olaraq təmin edilməsini günün vəzifəsinə çevirir.

Hazırda Azərbaycanda ali təhsili keyfiyyət cəhətdən xarakterizə etmək üçün aşağıdakı göstəricilərə diqqət yetirmək məqsədəuyğundur. Təhsil sahəsində yeni ictimai iqtisadi mühitin tələbi ilə başlanmış dəyişikliklər bu sahədə həm forma, həm də məzmun cəhətdən əhəmiyyətli nəticələr əldə etməyə imkan vermiş, gələcək islahatlar üçün şərait formalaşmışdır. Ali təhsilin forması xeyli dəyişikliklərə məruz qalmışdır. Təhsilin ümumdünya formalarına uyğun çoxpilləli formasına keçid dünya təhsil sistemi ilə olan mövcud fərqləri aradan qaldırmağa, ümumi təhsil məkanının standartları əsasında yenidən qurulmasına şərait yaratmışdır. Təhsil formasının qəbul edilməsi ümumi məkanın tam hüquqlu subyekti olmağın vacib şərtidir. Bu mənada artıq 30 ildən artıq davam edən bir dövr ərzində demək olar ki, ziddiyyətli məqamların xeyli hissəsi aradan qaldırılmış, onun Avropa və dünya təhsilinə inteqrasiyasında kifayət qədər əhəmiyyətli irəliləyişlər təmin edilmişdir. Azərbaycanın ali təhsili hazırda bütün beynəlxalq layihələrdə iştirak edir.

Bununla belə təhsilin forma və məzmununda görüləsi işlər və həllini gözləyən problemlər çoxdur. Tədris prosesinin malik olduğu zəif cəhətlər təkmilləşməlidir. Tədrisin köhnə formalarının saf-çürük edilməsi, az səmərəli və passiv tədris metodlarından imtina edilməsi, verilən biliyin daha yaxşı mənimsənilməsi və gələcəkdə tətbiqinin səmərələşdirilməsi üçün innovativ metodların axtarışı və tətbiqi vacibdir. Uzun illər təhsilin praktika ilə yaxınlaşdırılması davamlı olaraq diqqət mərkəzində osla da, həmişə bu məsələ aktuallığını saxlayır.

Ali təhsilin məzmununda reallaşdırılan islahatlar da öz müsbət təsirini göstərməkdədir. Bu gün Azərbaycaın ali təhsil məktəblərini bitirmiş məzunlar həm əmək fəaliyyəti ilə məşğul olmaq, həm də təhsilin növbəti mərhələrini davam etdirmək baxımından xeyli nailiyyətlər əldə ediblər. Lakin təhsilin formasının müasir tələblərə uyğunluğu nöqteyi-nəzərindən elə bir ciddi maneələrin olmamasını qeyd ediriksə, onun məzmunu, keyfiyyət dərəcəsi baxımından problemlər çoxdur.

Ali təhsildə keyfiyyətin başlıca meyarı məzunlarının istiqamətləndikləri sahələrin tələblərinə cavab vermələridir. Təhsil praktikaya nə qədər yaxındırsa, onun nəticələri də əmək bazarında daha yüksək tələbata malik olur. Bütün bunların əldə edilməsi isə təhsil prosesinin bir sıra məqamlarının təmin edilməsi vacibdir.

Azərbaycanda ali təhsil sahəsində keyfiyyətin müasir səviyyəsini təyin etmək üçün ali təhsildə real vəziyyətin dəyərləndirilməsi mühüm əhəmiyyətə malikdir. Bir daha qeyd etmək vacibdir ki, bu sahənin vəziyyətinin araşdırılması, problemlərinin qaldırılması bütövlükdə ölkənin ümumi ictimai-iqtisadi, mədəni, siyasi inkişafının kontekstindən qiymətləndirilməli, bu aspektdən izah edilməlidir. Dövlət səviyyəsində aparılan islahatlar, görülən gündəlik işlər, həyata keçirilən inkişaf proqramları, şübhəsiz, belə dərin analizlərin təməlində aparılır. Lakin keyfiyyət probleminin tələb olunan səviyyədə təminatı fasiləsiz fəaliyyət, mütəmadi məqəsdyönlü iş tələb edir ki, bunun üçün də mövcud inkişafın hər anının və hər mərhələsinin diqqət mərkəzində saxlanılması zəruridir. Son dövrlər yaradılan rəqabət sayəsində ali təhsilin dirçəldilməsi və gücləndirilməsi sahəsində kifayət qədər uğurlar əldə edilib. Lakin bu gün əldə edilən səviyyə hələ ki, qaneedici vəziyyətdə deyildir. Ötən dövrlərdən qalan problem, maneə və ənənələr mənfi təsir göstərməkdə davam edir. Buna görə də mövcud problemləri hansısa bir və ya bir neçə amillə izah etmək mümkün deyil. Şübhəsiz, dövlətin imkanları genişləndikcə bu problemlərin həlli üçün şərait yaranır. Lakin görülən işin uğuru həm də yeridilən xəttin düzgün seçilməsindən və onun ardıcıl yerinə yetirilməsindən asılıdır.

Qeyd olunduğu kimi, ali təhsilin ümumi inkişafına, xüsusən bu sahədə keyfiyyətin vəziyyətinə təsir edən amillər müxtəlifdir. Burada onların ən xarakterik olanlarının adını çəkmək yerinə düşərdi. Keyfiyyətə mənfi təsir göstərən çatışmazlıqlardan aşağıdakıları saymaq olar:

- Müəllim kadrlarının müasir tədris tələblərinə uyğun olmaması. 

- Təhsil materiallarının köhnəlməsi və müasir tələblərə cavab verməməsi.

- Tədris proqramlarının həyatın inkişaf dinamikasından geri qalması və real tələbata uyğun gəlməməsi.

- Təhsilin keyfiyyətinə nəzarət mexanizmlərinin mükəmməl olmaması.

- Nəzəri təhsillə mütəxəssisin gələcək praktik fəaliyyəti arasında ciddi uyğunsuzluğun və məzmun fərqlərinin olması.

- İctimai-iqtisadi həyatda gedən dəyişikliklərə təhsilin müasirləşməsi prosesinin qeyri adekvatlığı.

- Qabaqcıl dünya praktikasının təhsilin əhatə dairəsindən xeyli uzaq olması. 

- Ümumi əmək bazarının tələbləri haqqında təsəvvürün cəmiyyətdə, o cümlədən təhsil ictimaiyyəti arasında kifayət qədər dəqiq dərk edilməməsi.

- İctimai həyatın bütün başqa sahələrindəki problemlərin təhsilin vəziyyətinə mənfi təsiri.

- Maliyyələşmə problemlərinin tamamailə həll edilməməsi.

- Ali təhsil sahəsində real rəqabət mühitinin formalaşması prosesinin ləng getməsi.

Mövcud vəziyyətdən çıxış edərək bu gün ali təhsil sahəsində aparılan islahatlarda bir sıra məqamların diqqət mərkəzinə çəkilməsinə, bir sıra məsələlərin həllinin sürətləndirilməsinə ehtiyac vardır. Bu sahədə keçirilmiş sosial sorğular, xüsusən mütəxəssislər arasında keçirilmiş sorğu həmin addımların vacibliyini bir daha təsdiq edir. Ali təhsil sahəsində birinci növbədə yerinə yetirilməli olan aşağıdakı məsələləri xüsusi qeyd etmək lazımdır:

- Ali təhsil müəssisələrinin müstəqil ictimai münasibətlər obyektinə çevrilməsi günün aktual məsləsidir. Onlara verilən müstəqillik geniş təhsil məkanında müstəqil rəqabət apara bilmək üçün yetərli həddə olmalıdır.

- Nqativ təzahürlərin səbəblərinin araşdırılması və kökünün kəsilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi mühüm şərtlərdən biridir. Bu ictimai bəlanın özünün aradan qaldırılması ilə yanaşı, ilk növbədə onu doğuran səbəblərin kökünün kəsilməsinə diqqət yönəldilməlidir.

- Təhsil işçilərinə münasibətdə ləyaqətli təminat, məsuliyyətli fəaliyyət prinsipinin tətbiqi düzgün münasibətlər sisteminin bərqərar olmasına gətirib çıxara bilər. Keyfiyyətli təhsilin həm müəllimlər, həm də təhsil alanlar üçün stimullaşdırılması vacibdir.

- Ali təhsilin problemlərinə dövlətçilik, milli maraqlar nöqteyi-nəzərindən yanaşmanın təmin edilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi günün tələbidir.

- Ali təhsil sisteminə yad təsirlərin qarşısı alınmalıdır.

Ali təhsilin keyfiyyəti məsələsində mövcud problemlərin səbəblərindən danışarkən bir daha qeyd etmək lazımdır ki, bu səbəblər çox müxtəlif və rəngarəngdir. Onların aradan qaldırılması üçün təkcə dövlətin yeritdiyi inkişaf kursu, həyata keçirilən islahatlar, reallaşdırılan inkişaf proqramları deyildir. Bu sahədə uğurun başlıca şərtlərindən biri cəmiyyətin özündən gələn dəstək, vətəndaş fəallığıdır. Bu mənada ölkədə bütün səylərin birləşməsinə, ölkə üçün müstəsna əhəmiyyət kəsb edən və hər kəsi narahat edən təhsilin problemlərinin həllinə ehtiyac vardır.

Məqalə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İB-nin icra etdiyi “Ali təhsildə mövcud problemlərin həllinə yönələn tədqiqat işlərinin aparılması və tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır. 


Oxunma sayı: 64109

Oxşar yazılar