Ciu-citsu Federasiyasının prezidenti braziliyalı nazirlə görüşdü - FOTO

  • 09:02 - 29 İyun

Məlum olduğu kimi, bu günlərdə ölkəmizdə 150-dək ölkənin bədən tərbiyəsi və idman sahəsinin məsul qurumlarının rəhbərləri və nazirlərinin iştirakını əhatə edən MINEPS VII konfransı keçirilməkdədir. Tədbirlər çərçivəsində Braziliya Federativ Respublikasının idman naziri Ana Moser də Azərbaycandadır. 

Avropa.info xəbər verir ki, ötən gün xanım nazir Ana Moser, Braziliya Federativ Respublikasının ölkəmizdəki səlahiyyətli səfiri Manuel Montenegro və Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının prezidenti Aqil Acalov arasında görüş baş tutub. 

Görüş zamanı Aqil Acalov ölkədə idmanın mövcud dinamikasından, ölkə başçısı İlham Əliyevin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin idmana qayğısından və uğurlu inkişaf strategiyasından irəli gələn davamlı inkişaf yolundan və perspektivlərindən söz açmış, həmçinin cənab səfir Manuel Montenegronun sözügedən Braziliya döyüş sənətinin ölkəmizdə inkişafına daim dəstək göstərdiyini minnətdarlıqla bildirib. 

O qeyd edib ki, ölkədə uğurlu idman siyasətinin bütün idman sahələri kimi Braziliya Ciu-citsu döyüş sənətinin inkişafına da müsbət təsirləri böyükdür. Bundan əlavə Federasiya prezidenti hər iki rəsmiyə Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının inkişaf strategiyaları, görülən işlər, təşkil edilən tədbirlər barədə məlumat verib.

Xanım nazir Ana Moser Braziliya idman növlərinin Azərbaycanda inkişafından və bu döyüş növünə olan maraqdan dolayı məmnunluğunu və dinamik inkişafı dəstəklədiyini bildirib.

Məhsuldar görüşün Braziliya-Azərbaycan idman əlaqələrinin və mövcud idman növlərinin inkifaşına tövhələr verəcəyinə ümid edirik.

 

 


Oxunma sayı: 9879

Oxşar yazılar