Göygöldə sel 4 kəndə ciddi zərər vurub, rabitə, qaz və elektrik xətləri sıradan çıxıb - VİDEO

  • 10:21 - 26 May

Ötən gün axşam saatlarında yağan güclü leysan yağışları nəticəsində Göygöl rayonunun Aşağı Zurnabad, Şəhriyar, Kərəmli və Topalhəsənli kəndlərindən sel keçib.

Avropa.info "report"a istinadən xəbər verir ki, Göygöl Rayon İcra Hakimiyyətinin rayon Fövqəladə Hallar Komissiyasından selin həmin kəndlərə ciddi zərər vurduğu bildirilib.

Qeyd edilib ki, sel nəticəsində əsasən avtomobil yoluna, qaz xətlərinə, elektrik və rabitə təsərrüfatına, həmçininin vətəndaşlara məxsus əkin və həyətyanı sahələrə zərər dəyib.

Bildirilib ki, aidiyyəti qurumların, idarələrin əməkdaşları və texnikalar dərhal hadisə yerinə cəlb olunub, fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Vurğulanıb ki, hazırda hər 4 kənddə qazın və elektrik enerjisinin verilməsi qismən bərpa olunub. Eləcə də bu kəndləri birləşdirən avtomobil yolu təmizlənib və hərəkət bərpa edilib:

"Kənd daxili yollarda isə ciddi fəsadlar olmayıb. Son məlumata görə, vətəndaşlara məxsus müxtəlif markalı 5 avtomobilə zərər dəyib, obyektlərə və evlərə isə qismən ziyan dəyib. Hazırda komissiyanın əməkdaşları tərəfindən araşdırmalar aparılır, dəymiş ziyanlar hesablanır".

Xatırladaq ki, təbii fəlakət nəticəsində 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanov selə düşərək dünyasını dəyişiblər.


Oxunma sayı: 2751

Oxşar yazılar