Florida qubernatoru ABŞ prezidentliyinə namizədliyini açıqladı - FOTO

  • 21:33 - 25 May

Florida qubernatoru Ron DeSantis 2024-cü ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq istədiyini açıqlayıb. Yayımlanan son sorğuda DeSantis partiya daxilindəki əsas rəqibi Trampdan 38 faiz geri qalır. 

Avropa.info xəbər verir ki, Respublikaçılar Partiyasından olan Florida qubernatoru Ron DeSantis 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini rəsmən açıqlayıb. Ron DeSantis prezidentliyə namizədliyini video müraciətində elan edib. 

"Sərhədimiz bir fəlakətdir, cinayət şəhərlərimizi zəbt edir, federal hökumət ailələrin dolanışığını çətinləşdirir və prezident (Co Bayden) zəifləyir. Lakin tənəzzül seçkidir, uğur əldə edilə bilər və azadlıq uğrunda mübarizə aparmağa dəyər”, - deyə o bildirib. 

DeSantis Floridadakı təhsil proqramı, qeyri-qanuni immiqrantlar və Disneyin muxtariyyətinə son vermə qərarı kimi gündəmə gələn bir çox mövzu ilə bağlı sualları cavablandırıb.  

DESANTIS KİMDİR? 

Florida siyasətçisi olan 44 yaşlı DeSantis Yale Universitetində tarix və Harvardda hüquq təhsili alıb. DeSantis ABŞ Hərbi Dəniz Qüvvələrində hüquq məsləhətçisi kimi çalışıb və sonradan gənc yaşda siyasətə qədəm qoyub. 

2013-2018-ci illərdə Nümayəndələr Palatasının üzvü olan DeSantis Donald Trampa yaxınlığı ilə tanınır. 2019-cu ildən Florida Qubernatoru olduğu müddətdə DeSantis daxili siyasətdə mühafizəkar seçiciləri cəlb edən addımları ilə gündəmə gəlib. 

Peyvənd, abort və qeyri-qanuni mühacirlərin gəlməsi zərurətini məhdudlaşdıran qanun layihələrini imzalayan DeSantis məşhur əyləncə mərkəzi Walt Disney World-ün muxtariyyətinə son qoyması ilə gündəmə gəlib. 

DeSantis bu yaxınlarda çinli şəxslərin və təşkilatların əkin sahələrinin və dövlət daxilində hərbi obyektlərin yaxınlığında torpaq almasına mane olan qanun layihəsini təsdiqləyib. 

Xarici siyasətdə Çin və İrana qarşı daha sərt siyasətləri müdafiə edən DeSantis Rusiya-Ukrayna müharibəsini “torpaq mübahisəsi” kimi qələmə verib və hətta öz partiyasının deputatlarının belə reaksiyasını çəkib. 

TRAMPIN ƏN YAXIN RƏQİBİ 

"Morning Consult"un 19-21 may tarixləri arasında Respublikaçılar Partiyasının ilkin seçiciləri arasında keçirdiyi sorğuda iştirakçıların 58 faizi Trampı, ən yaxın rəqibi DeSantis isə 38 bal geriləyərək 20 faizdə qalıb. 

Tramp son vaxtlar ittiham olunduğu DeSantisə partiyanın səslərini böləcəyini iddia edərək, namizədliyini irəli sürməməsi barədə xəbərdarlıq edib. 

Tramp və DeSantisdən başqa, ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli, gənc multimilyonçu Vivek Ramasvami, iş adamı Perri Conson, mühafizəkar qaradərili radio aparıcısı Larri Elder, senator Tim Skott və siyasətçi Asa Hatçinson kimi adlar da indiyədək səslənən adlar arasındadır. Respublika Partiyasından namizədliklərini açıqlayıb. 

2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağı gözlənilən adlar arasında keçmiş vitse-prezident Mayk Pens də var.


Oxunma sayı: 2575

Oxşar yazılar