Xudavəng monastırının idarəetməsi necə tənzimlənəcək - AÇIQLAMA

  • 13:44 - 04 May

Qarabağda yaşayış məntəqələri ilə yanaşı bütün tarixi abidələri, məscidləri, alban kilsələrinin əksərini 30 illik işğal dövründə dağıdan ermənilər postmüharibə dövründə öz xislətlərinə uyğun anormal “dinbazlıq” edirlər. Onlar Kəlbəcərdəki Xudavəng monastırı ilə bağlı saxta iddialar ortaya qoyaraq, buranın guya erməni kilsəsi olduğunu iddia edirlər. Sən demə, erməni keşişlər hələ də Xudavəngdən çıxıb getməyiblər.

“Xudavəng monastırındakı erməni keşişlər oradan çıxıb getməlidir”.

Bunu APA-nın sualına cavab olaraq Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Sədr ermənilərin o monastıra aidiyyətinin olmadığını deyib: “Ora Qafqaz Albaniyasına məxsusdur və oranın idarəsi gec-tez Alban-Udi Dini İcması tərəfindən həyata keçiriləcək”.

Mübariz Qurbanlı deyib ki, Azərbaycanda yaşayan ermənilərin öz dini ayinlərini icra etməsi üçün heç bir problem yoxdur: “Azərbaycan multikultural və tolerant dəyərlərə yüksək yer verən ölkədir və Azərbaycanda müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Bu gün Azərbaycanda pravoslav kilsəsi, yəhudi sinaqoqları və digərləri azad formada fəaliyyət göstərir. Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə yaşayan ermənilərin də öz dini ayinlərini icra etməsi üçün heç bir problem yoxdur”.

Maraqlıdır, qarşıdakı mərhələdə adıçəkilən monastırda idarəetmə necə tənzimlənəcək? Təbii ki, oranı erməni keşişlər idarə edə bilməz. Ancaq Qarabağ ermənilərinin orada ayinlər icra etməsində də problem olmadığı bəyan edilib. Bəs bu proses necə tənzimlənəcək? Bunu kim etməlidir? İcmalar özləri razılaşmalıdır, yoxsa dövlətin müdaxiləsi olmalıdır?

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Ceyhun Məmmədov: “Bu kilsələrin dini xadimləri mütləq şəkildə Azərbaycan tərəfindən təyin olunmalıdır”

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bu kilsələrdə idarəçiliyin Azərbaycana məxsus olduğunu bildirdi: “Qeyd etmək lazımdır ki, bu ərazilərdə olan bütün kilsələr Azərbaycan xalqına məxsusdur. Onların həqiqi dini varisi udilərdir. Qafqaz Albaniyasında olan 26 tayfadan xristanlıq dinində qalan udilərdir. Bu gün də onlar bu nüansa sahib çıxmalıdırlar. Orada olan bütün kilsələrin mütləq əksəriyyəti alban kilsələridir. Onlar ermənilər tərəfindən saxtalaşdırılıb. Bəziləri isə barbarcasına dağıdılıb. Bu kilsələrin idarəçiliyi mütləq şəkildə Azərbaycanda olacaq. Eyni zamanda bu kilsələrin dini xadimləri mütləq şəkildə Azərbaycan tərəfindən təyin olunmalıdır. Kilsələrin hamısı inventarlaşdırılmalı və ölkəmizin nəzarətində olmalıdır. Ermənilər gəlib burada dini ayinlər və ibadətləri icra edə bilərlər. Amma bu gün onların həmin kilsələrə sahib çıxması, onlara nəzarət, iddia etməsi mümkün deyil. Azərbaycan buna heç zaman imkan verməyəcək. Bu birmənalı şəkildə belədir. Qaldı ki, oradakı digər kilsələrə, onların hamısı da alban kilsələridir. Bunların həqiqi varisi də Azərbaycandır, udilərdir. Ermənilər bunu nəzərə almalıdır. Ən qısa vaxtda onlar Xudavəng kilsəsini tərk etməlidirlər. Kilsə Allahın evidir və onlar ora ibadət üçün gələ bilərlər. Bu məsələ də dövlətimiz tərəfindən tənzimlənməlidir. Dövlətin də yanaşması belədir ki, bu kilsələr udilərə veriləcək. Bu kilsələr udilərin nəzarətində olmalıdır və olacaq da. Azərbaycan bu istiqamətdə siyasətini həyata keçirəcək. Ermənilər bunu anlamalı və həmin ərazini tərk etməlidirlər. Bakıdakı erməni kilsəsinə gəldikdə isə məlumdur ki, vaxtilə erməni kilsəsi olub. Münasibətlər normallaşandan sonra burada ibadətlər edilməsi mümkündür. Bu da ermənilərin özlərini necə aparmalarından asılı olan bir məsələdir. Bir daha onu xüsusi qeyd edirəm ki, bu kilsələrdə fəaliyyət mütləq dövlət tərəfindən tənzimlənməlidir. İcmaların öhdəliyinə buraxılsa və desək ki, bunu icmalar tənzimləməlidir, bu prosesi idarə etmək, məsələni də həll etmək mümkün olmayacaq. Ona görə də yanaşmada bu nüanslar mütləq ciddi şəkildə nəzərə alınmalıdır”. 

Rəsul Mirhəşimli: “Bu toplumun sağalmaz xəstəliyi bundan sonrakı tarixi boyunca beləcə davam edəcək”

İlahiyyatçı Rəsul Mirhəşimli isə qeyd etdi ki, ermənilərin düşüncələrində normal məntiq tapmaq insan zəkasını zorlayan problemdir: "Bu toplum o qədər yalan iddialarla çıxış edir ki, bu iddialara cavab vermək bir çox hallarda zaman israfına səbəb olur. Cənubi Qafqaza gəlmə olan erməni toplumu özünə yalan tarix uydurur, bu uydurmalara özünü və başqalarını inandırmağa çalışır. Bu torpaqlara sonradan gəlmə olan erməni toplumunun İslama qədər Azərbaycan ərazilərində mövcud olan, xalqımızın mədəni və dini abidəsi sayılan məbədə iddia etməsi ermənilərin işğalçı niyyətlərindən irəli gəlir. Əgər bir toplumun dini dünyagörüşü belə işğalçılıq düşüncəsi üzərində formalaşıbsa, bunun adı ən yumşaq halda bu toplumun çarəsiz xəstəliyidir. Bu toplumun sağalmaz xəstəliyi bundan sonrakı tarixi boyunca beləcə davam edəcək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Xudavəng monastırında ermənilərin rahat şəkildə dini ayinlərini icra etməsində problem olmadığını deyib. Hesab edirəm ki, Azərbaycan dövləti bu ayinlərin icra edilməsi üçün humanist siyasətini sərgiləyəcək, bu ayinlərin icrasına şərait yaradacaq. Dövlət vətəndaşlarının dini ayinlərinin icrasına imkanlar yaradır, Qarabağda yaşayan ermənilər də dini həyat tərzini sərgiləmək niyyətində olsalar, Azərbaycan dövləti bu niyyətin həyata keçməsində yardımçı olacaq. Yəqin ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Alban-Udi Dini İcması ilə birlikdə bu ayinlərin icra edilməsinin mexanizmlərini hazırlayacaq. Ermənilər dini ayinlərini icra etmək niyyətindən başqa bir düşüncəyə yönəlməsələr, bu işin həyata keçirilməsində də heç bir problem olmayacaq. Azərbaycanda tarix boyu müxtəlif mədəniyyətlər mövcud olub, bu mədəniyyətlər bir-biriləri ilə sosial və qarşılıqlı anlaşma baxımından əlaqələr qurub. Bu mədəniyyətlərin, dini dünyagörüşlərin ölkəmizdə yaşayan müxtəlif xalqlar arasında qarşılıqlı anlaşması hər zaman qorunub, bundan sonra da qorunacaq. Hər mədəniyyətin, dini dünyagörüşün müxtəlif xüsusiyyəti var və qarşılıqlı anlaşma, tolerantlıq içərisində uzlaşmaq çərçivəsində insanlar hər mədəniyyətdən müxtəlif şeylər qazanırlar. Təki Qarabağda yaşayan ermənilər də bu humanizm düşüncəsini anlaya bilsin, o zaman Azərbaycanın bütün vətəndaşları kimi, bərabərhüquqlu qaydada bütün imkanlardan yararlana biləcəklər. Erməni toplumunun düşüncəsində kök salmış işğalçılıq niyyətindən xilas olması mümkünsüz görünür. Bu toplumun xəstəliyi də bölgədə problemlərin aradan qaldırılmasına mane olur və inkişafı ləngidir".


Oxunma sayı: 4269

Oxşar yazılar