Generalın məhkəməsində zərərçəkən Eldar Mahmudovla sirli görüşünü açıb danışdı - sensasion gəlişmə

  • 22:30 - 31 Mart

Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - E.M.) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin apelyasiya şikayəti üzrə proses davam edir.

Avropa.info musavat.com-a istinadən bildirir ki, Mövlam Şıxəliyevlə bərabər hakim qarşısına 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar. Hər 4 şəxs hazırda həbsdədir və məhkəmə zalında şüşə qəfəsdə əyləşdirilirlər. Məhkəmə nəzarətçilərinin müşayəti ilə məhkəmə zalına  gətirilən müttəhimlərin qoluna qandal vurulmur.

Artıq proses yekunlaşmaq üzrədir. İş üzrə zərərçəkənlər yekun çıxışlar edirlər. Sonuncu prosesdə zərərçəkən Hüseyn Səfərov çıxış edib.

Deyib ki, müttəhimlər məhkəmə dövründə yalan danışıb, dövlətə, istintaq orqanına, məhkəmələrə, zərərçəkənlərə iftira, şər atıblar:

- Mövlam Şıxəliyev hərbi məhkəmədə də, burada da deyir ki, guya məni tanımır, mənimlə kabinetində dəfələrlə görüşməyib. Mən Qurana and içirəm ki, saxlandığım günün səhəri Mövlam Şıxəliyev məni müstəntiq və Vüsal Ələkbərovla birgə qəbul edib. Məni məcbur edib 1 milyon sözünü aldılar. Gördülər ki, 1 milyon söz verirəmsə, qaldırdılar 3 milyona. Bizi 2008-ci ilin oktyabrında saxlayıblar, Mövlam Şıxəliyev həmin ilin martında MTN İstintaq Baş İdarəsinə rəis təyin olunub. Ona görə də yalan danışır ki, guya mən saxlanılanda ümumiyyətlə rəis olmayıb. Guya məni ümumiyyətlə görməyib. Saxlanıldığım müddətdə 3 dəfə Mövlam Şıxəliyevlə görüşmüşəm. Bir dəfə saxlanılan günün səhəri, bir dəfə buraxılmağıma 10 gün qalmış Vüqar Əliyevin otağında, bir də buraxıldığım gün Vüsal Ələkbərov aparıb sənədlərimi təcridxanaya qol çəkdirib və gəlib deyib ki, Mövlam Şıxəliyev səni çağırır. Onun yanına getmişik. Mənə dedi ki, 1 milyon 650 min çatıb, 350 mini nə vaxt gətirirsən? Mənimlə hədə ilə danışırdı. Dedi ki, pulu verməsən, məsələ başqa cür olacaq. Bir yerdə bu haqda danışsan, bizdən incimə. 30 il əvvəl videokamera, mobil telefon yox idi, istintaq gedib gizli şəkildə törədilən cinayətlərin üstünü açmırdı? Bunlar deyirlər ki, telefon danışığı yoxdur, video yoxdur, belə şey də olmayıb. Boş-boş danışırlar. Vüsal Ələkbərovun otağında oturmuşdum, 3 nəfər ora gəldi. Böyük-böyük "klyok"lar götürüb getdilər ki, oğlun gəlib, pul gətirib.

Getdilər oğlumdan pulu almağa. Düşüblər aşağı, gedib 7-10 dəqiqə sonra pulu oğlumdan alıb gəldilər. Əllərindəki "klyok"lar boş idi. Oğlum pulu idman çantasında gətirmişdi. Gəlib kabinetdə çantanı açdı, sevindiyindən sifəti gülürdü. Öz otağından Mövlama zəng elədi, dedi ki, Hüseynin oğlu gəlib. O da yanına çağırdı. Vüsal Ələkbərov pulu aparıb onun kabinetinə qoyub qayıtmağı 2-3 dəqiqə çəkdi. Ailəm o pulu yığmaq üçün Naxçıvandakı evimi satıb, 3 uşağımın evləri banka girov qoyulmaqla kredit götürülüb. Məni həbsdən buraxandan sonra Vüsal gəlib qalan 350 mini istəyirdi. Dedim ki, 1 evim var, onun da üzərinə həbs qoymusuz. Dedi ki, məktub verim, get həbsdən çıxar, sat. Nətər oldu, elə bunların hamısı bir vaxta düşdü? Müstəntiq də Mamed Musayevin oğlu idi. Onu da Vüsal qoşdu yanıma, getdik Səbayel məhkəməsinə. Hakim Rauf Hüseynov idi. Getməyimizlə 5 dəqiqəyə qərar çıxardı, evi həbsdən çıxardı. Mən də evi 300 minə satdım. Bu gün də evimin əşyalarını kirayədən-kirayəyə daşıyıram. Bunu Allah götürər? Vüsal da, Mövlam da bunları çox yaxşı bilirlər. Bu cinayətlərin başında Mövlam Şıxəliyev durur. Dövlətə, dövlətçiliyə xəyanət edib".

Hüseyn Səfərov deyib ki, həbsdən azad ediləndən sonra da ondan əl çəkməyiblər:

- Vüsal zəng edib deyirdi ki, Mövlam Şıxəliyevin ad günüdür. Mən də məcbur olub iki ədəd "Vertu" telefon almışdım. Üstündən bir müddət keçəndən sonra dedi ki, Mövlam Şıxəliyev general rütbəsi alıb, hədiyyə gətir. Mən də 21 min dollara saat alıb aparıb otağında özünə  verdim. Onun otağını "su yolu"na döndərmişdim. İndi də deyir ki, guya mən onun otağında olmamışam. Halbuki mən dəfələrlə orada olmuşam".

Hüseyn Səfərov deyib ki, Mövlam Şıxəliyev vəkili vasitəssilə ona şikayətini geri götürmək üçün "Çobanbulaq" İstirahət Mərkəzinin yarısını təklif edib: "Dedim necə verirsiz? Dedi ki, götür, Akif Qurbanovla bölərsən. Mən dedim ki, istəmirəm. Bu qədər var-dövləti Mövlam Şıxəliyev haradan alıb? Deyir ki, guya ailə biznesi olub 1994-cü ildən. Guya baldızı oğlu Babaşla şərik olublar. Guya 2014-cü ilə qədər şərikli biznesləri davam edib. Belə çıxır ki, Mövlam Şıxəliyevin polisdən çıxıb 2004-cü ildə MTN-ə gəldiyi zaman milyonları olub? Belə deyil. Bu, Qaradağ polisində təhqiqatçı işinə keçmək üçün ondan 5 min manat pul istəyiblər. Həmin pulu 3 aya düzəldib verə bilməyib. İndi də Babaşla şərikli biznesləri haqda nağıl danışır. Bunların əllərində olan pullar mənim övladlarımın evlərinin pullarıdır, mənim kimi adamlardan alınan pullardır. Bizim pullardan 1 faiz yeyənin belə burnundan gəlsin".

H.Səfərov M.Şıxəliyevin cinayətləri barədə film çəkdirdiyini bildirib:

"Sovet dövrü olsaydı, bunlara birbaşa güllələnmə hökmü çıxarılardı. Məhkəmə gedən dövrdə Mövlam Şıxəliyev mən də daxil olmaqla, bir neçə zərərçəkənin pulunu ödəməyə cəhd edib. Vəkili Arzu Cavadov vasitəsilə belə təklif edib. Deyib ki, pulunuzu Eldar Mahmudov verəcək. Məndə səs yazısı da var. Mən də məhkəmədə Mövlam Şıxəliyevə yaxınlaşmışam, soruşmuşam ki, vəkilin deyir ki, pulumuzu Eldar Mahmudov ödəyəcək. Bu düzdürmü? Mövlam da cavab verib ki, kişinin sözü bir olar. 2 dəfə Eldar Mahmudovunla görüşmək üçün onun bağına getmişəm. Yanımda zərərçəkən Əfsəl Həsənəliyev də olub. Eldar Mahmudov da xəbər göndərib ki, mənimlə tək görüşə bilər. Görüşmüşük, deyib ki, bu işlərdə onun əli yoxdur, bu işləri görən Mövlam Şıxəliyevdir".

Hüseyn Səfərov çıxışının sonunda müttəhimlərə ittiham üzrə ən ağır cəzanın verilməsini, xüsusi müsadirə üçün istintaq zamanı üzərinə həbs qoyulan bütün əmlakların müsadirə edilməsini xahiş edib.

Zərərçəkən Əfsəl Həsənəliyev Mövlam Şıxəliyev və digər 3 müttəhimi Azərbaycan vətəndaşlarına qarşı sui-qəsd etməkdə ittiham edib: "Bunlar Azərbaycan vətəndaşını girov götürüb malını, mülkünü talan edib. Sizin şəxsən törətdiyiniz hər bir hadisə taleyinizdə qalacaq. Siz bu xalqa düşmən olmusuz".

Əfsəl Həsənəliyev qanunsuz həbs olunuduğunu deyib. Bildirib ki, əlində Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayevin məktubu var:

- Həmin məktubu o, Mövlam Şıxəliyevə yazıb. Yazır ki, mal gömrük nəzarəti altında tranzit olaraq Azərbaycan ərazisindən keçməklə İrana gedir. Bu məktub işin içində də var, sizə də təqdim edəcəyəm. Bunların bizim malı qaçaqmal kimi saxlamaları qanunsuz idi. Ona görə də gömrük nəzarəti altında Azərbaycan ərazisindən keçən malı zorla gömrükçülərin əlindən alıblar. İlk gündən də bizdən pul tələb ediblər.

Ə.Həsənəliyev deyib ki, qanunsuz olaraq həbsə almaqla ondan külli miqdarda pul alıblar. O bildirib ki, evini "Unibank"a girov qoymaqla 55 min dollar kredit götürüb və Yasin Məmmədova verib. Evi bu gün də bankın girovluğundadır. Bank onu evdən çıxarmaq üçün bir neçə dəfə hərəkətə keçib. Əfsəl Həsənəliyev ona dəymiş ziyanın qarşılığı olaraq müttəhimlərdən 589 min manat tutularaq ödənilməsini, onlara ağır cəza təyin olunmasını xahiş edib. 

Zərərçəkən Sərdar İsmayılov bildirib ki, şikayəti müttəhim Yasin Məmmədovla bağlıdır:

- Mən Mövlam Şıxəliyevi, başqalarını görməmişəm. MTN-də ən güclü quldurbaşı kimi mən elə Yasin Məmmədovu bilirəm. Əfsəl müəllim də, mən də hər bir məhkəmədə, prokurorluqda bu barədə demişik, ifadə vermişəm. Yasin Məmmədov məni qanunsuz həbs edərək, mənə məxsus olan və İrana apardığımız malı qaçaqmal elan edib.

Həbsimdən sonra Yasin Məmmədov telefon kitabçamda olan bazar adamlarına zəng vurub, onları da soyub. Mən həbsdən çıxandan sonra bazara getdim, oradakı adamlar arasında mənə borclular da olub. Gedib pulumu istəmişəm, təhqir eşitmişəm, söyüş eşitmişəm. Hətta o yerə çatıb ki, məni bıçaqlamaq istəyiblər, deyiblər ki, sən işverənsən, sən bizi MTN-ə satmısan. Aramızda dava-dalaş olub. Bu gün məhkəmə yaranan şəraitdən istifadə edib üzümü Yasin Məmmədova tutub deyirəm: mənə söyülən söyüşlər, təhqirlər sənə, sənin yaxınlarına getsin. Mən haradasa bunlar barədə söz deyəndə, şərikim Orxana MTN-dən zəng gəlirdi. Yasin deyirdi ki, çaşmayın, biz hələ buradayıq. Qaldı ki, malıma, burada Mövlam Şıxəliyev deyir ki, guya malın sənədləri saxta olub. Sual edirəm: saxta sənədlərlə mal gömrüyü necə keçib? Cavab ver! Verə bilməzsən. Guya bunlar güclü müstəntiqlər, istintaqçılar olublar. Elə güclü müstəntiq, istintaqçı idinsə, 3-cü ölkəyə gedən malı yoldan çıxarıb, gömrükçülərlə əlbəyaxaya çıxıb gətirib Bakıya çıxardınız. Mən 45 min pulumu makler kimi Əfsəl müəllimə vermişdim. O da mərhum Cahangir Məmmədovla mənim malımı Azərbaycana gətirməli idilər. Gətirə bilmədilər, qərara aldım ki, İrana aparsınlar. Mən Əsfəl müəllimi MTN-də tanımışam. Götürüb bizdən qrup düzəltdilər. Sizin Allahınız var? Bunlar məni qanunsuz həbs etməklə elə vəziyyətə salıblar ki, indi heç bir işin dalınca gedə bilmirəm. Yasin Məmmədovun mənə qarşı etdiklərinə görə dükanım, maşınım, evim əlimdən çıxdı. Əməliyyatçılar gəlib mənim evimə baxıb deyirdilər ki, gördüyü iş milyonluq işdir, evinə bax. Malımı da götürüb özləri satıblar. Həbsdən çıxandan sonra baxıram ki, malımı bazarda illərlə bir yerdə işlədiyim adamlara ötürüb satdırıblar.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Kəramət Əliyev 26 min pul aldı, mənə 3 il şərti iş verdi. Sonradan mənim 26 min manatımı qaytardı, üstündə də 5 min manat verdi ki, 7 ay məhkəməyə gedib gəlmisiz, bu da sizin yol pulunuz. Sonra da dedi ki, gedib müddətin bərpa olunması ilə bağlı şikayət verin, sizə bəraət verilməlidir. Mən sizə bəraət verə bilmədim. Çünki sağım da, solum da MTN-ə işləyirdi. Bu gün mən bura 50 min dollara görə zərərçəkən kimi tanıyıblar, gəlib gedirəm. Əsas işim isə malımla bağlıdır və Baş Prokurorluqdadır. 1400 qutu pirotexnik mallardır. Mənim malımı MTN-dən kim çıxarıb, hara aparıblar, hansı maşınlarla aparıblar, tapmışam. Yasin Məmmədov malı hara, kimlərə verib, hansı maşınlarla daşınıb, kimlərə verilib, hansı qiymətlərə verilib bilirəm, əlimdə faktlarım var. Malımı Bərdənin Quzanlısına qədər aparıb satıblar. Satan adamlar Yaşar Cabbarov, Çingiz Ağayev və Zöhrab Mehdiyevdir. Bunlar MTN-lə əlaqəsi olan adalardır. Malın daşınmasında fəhləliyini edənlərə qədər kimlərdir bilirəm. Prokurorluğa mallarımın anbarda şəkillərinə qədər təqdim etmişəm. Gözləyirik ki, bu məhkəmə bitsin. Deyirlər ki, guya mallarımı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən məhv ediblər. Mən də Səbayel İcra Şöbəsinə gedib malın məhv olunması barədə arayış istəmişəm. Deyirlər ki, biz MTN-çi deyilik ki, görmədiyimiz, məhv etmədiyimiz barədə saxta arayış verək".

Sərdar İsmayılov məhkəmədən xahiş edib ki, Yasin Məmmədova ağır cəza təyin olunsun:

"Yasin Məmmədov dünyada ən təhlükəli, ağır cinayətkar bir insandır. Yalandan deyir ki, oğlum ofisiant işləyir. MTN-də saxlanıldığım dövrdə mənə a4 vərəqdə 10 nəfərin adı olan siyahıya imza atdırmaq istəyirdi. Dedim bu nə kağızdır. Dedi ki, sən hal şahidi olmusan. Mən də imza atmadım. Özünə də dedim ki, bir gün mən buradan çıxacağam, qayıdıb gələndə sənin üzünə kislota atacağam ki, evdə ailə-uşağın kim olduğunu bilsinlər. Nəzarətçilərə tapşırdı, gəlib məni apardılar. Bu adamın pula görə eləmədiyi işlər qalmayıb. Ən böyük istəyim Allahdandır, Allah bunun bəlasını versin!"

Zərərçəkən Elvar Əliyev apelyasiya şikayətini müdafiə etdiyini, müttəhimlər barəsində cəzaların ağırlaşdırılmasını istəyib. Bildirib ki, qanunsuz olaraq istintaqa cəlb olunub. Həbsdə olduğu müddətdə 2 dəfə Mövlam Şıxəliyevlə görüşüb: "500 min  tələb edirdlər, 300 minə düşdülər. Axırda 80 mində dayandılar, aldılar".

Bundan sonra proses aprelin 3-nə qədər təxirə salınıb.

 

 

 


Oxunma sayı: 5028

Oxşar yazılar