AFAD: Fevralın 6-dan bu yana Türkiyədə 22,5 minə yaxın zəlzələ qeydə alınıb

  • 11:58 - 31 Mart

Fevralın 6-dan, yəni episentri Türkiyənin Kahramanmaraş şəhərində baş verən dağıdıcı zəlzələlərdən sonra 22500-ə yaxın afterşok baş verib. 

Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi və Qarşısının Alınması İdarəsinin (AFAD) rəhbəri Yunus Sezər Türkiyə Elmi və Texniki Araşdırmalar Şurasının (TÜBİTAK) təşkil etdiyi onlayn zəlzələ araşdırma konfransında çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlər 1668-ci ildə Şimali Anadoluda və 1939-cu ildə Ərzincanda baş verən analoji fəlakətlərdən sonra üçüncü ən böyük zəlzələ olub. Sezer bildirib ki, bu zəlzələ təsir sahəsi, dağıntı və insan itkisi baxımından ən böyük fəlakət idi. 

AFAD rəhbəri qeyd edib ki, zəlzələlər bölgədə yaşayan 15 milyona yaxın vətəndaşa birbaşa ziyan vurub. “7,7 bal gücündə birinci zəlzələnin müddəti 65 saniyə, 7,6 bal gücündə ikinci zəlzələnin müddəti isə 45 saniyə olub. Hazırda 22500-ə yaxın təkan olub. Bu rəqəm AFAD-ın il ərzində qeydə aldığı zəlzələlərin orta sayına bərabərdir. 5-6 bal gücündə təkanların sayı 47-dir. Hər iki zəlzələ nəticəsində təxminən 400 km uzunluğunda yerüstü qırılmalar baş verib, yer qabığında 7,5 metrə qədər yerdəyişmələr əmələ gəlib”, - deyə Sezer bildirib. 

Onun sözlərinə görə, Kahramanmaraşda episentri olan zəlzələlər nəticəsində 56 426 bina dağılıb və ya təcili söküləcək, 206 452 binaya ciddi ziyan dəyib, 48 984-ü orta, 516 352-si yüngül olub. 

Sezer qeyd edib ki, axtarış-xilasetmə əməliyyatlarından sonra ilk mərhələdə bölgəyə 160 min çadır göndərilib. AFAD rəhbəri bildirib ki, hazırda 289 konteyner sahəsində 610 minə yaxın çadır quraşdırılıb, 45 min konteyner yerləşdirilib. 

Birinci mərhələdə bölgədə zəlzələdən zərər çəkmiş 2 milyon 800 min insan, hazırda 2,5 milyon insan məskunlaşıb. Sezer əlavə edib ki, daha 800 min zəlzələ qurbanı bölgədən kənarda yerləşdirilib. 

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində maqnitudası yeddi baldan çox olan iki zəlzələ baş verib. 

Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 50 mini keçib.


Oxunma sayı: 2630

Oxşar yazılar