Türkiyəli alimlər Antarktidada turizmin ətraf mühitə təsirini araşdırır

  • 13:31 - 24 Mart

Türkiyənin yeddinci elmi Antarktika ekspedisiyasının iştirakçıları tərəfindən həyata keçirilən layihələrdən biri də qlobal turizmin inkişafının planetin ən soyuq qitəsinin gələcəyinə təsiridir. 

Alimlər Türkiyənin Horseshu adasındakı müvəqqəti tədqiqat stansiyasının ərazisində işləyirlər. 

Burada alimlərin diqqətini 1950-ci ildə adanın şimal-şərqində yaradılmış və hazırda həm alimlər, həm də turistlər tərəfindən muzey kimi ziyarət edilən Britaniyanın “Base Y” tədqiqat stansiyası cəlb edir. 

2022/23 mövsümündə minlərlə turist Y Bazasını ziyarət edib. 

Avropa.info xəbər verir ki, muzey rəhbərliyinin bildirdiyinə görə, son bir ildə Y bazası stansiyasına turist axını əvvəlki beş ildəki ziyarətçilərin sayının məcmu göstəricisindən yüksək olub. 

Muzeyin qaydalarına görə, stansiyada hər hansı əşyanın dəyişdirilməsi qadağandır, lakin hər il belə faktlar qeydə alınır. 

Türkiyənin yeddinci elmi Antarktika ekspedisiyasının rəhbərinin müavini Atilla Yılmaz qeyd edib ki, Antarktika Dairəsindən kənara nəzarətsiz turist səfərləri ətraf mühit üçün ciddi nəticələrə səbəb ola bilər. 

O qeyd edib ki, antropogen faktorlar həm adaların, həm də bütövlükdə qitənin ekologiyasını təhdid edir və bunun üçün aydın tənzimləmə tələb olunur. 

Antarktidaya turlar təşkil edən şirkətlərdən birinin baş direktoru Çad Keri bu il şirkətin xidmətlərindən 100 minə qədər insanın istifadə edə biləcəyini bildirib. 

“Əvvəllər turistlərin sayı ildə 40 min nəfər idi. Bu, əlbəttə ki, başqa sahələrlə müqayisə oluna bilməz. Məsələn, Parisi ildə 11 milyon turist ziyarət edir. Amma insanları bu yerlər cəlb edir”, – Keri bildirib.


Oxunma sayı: 2003

Oxşar yazılar