Qazaxıstan prezidenti: "Ölkənin siyasi inkişafında yeni mərhələ başlayıb"

  • 15:34 - 21 Mart

Qazaxıstanın siyasi inkişafında yeni mərhələ başlayıb. 

Avropa.info xəbər verir ki, bunu Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Novruz Meyramı bayram tədbirində çıxışı zamanı deyib. 

“Düz bir il əvvəl mən ölkəmizin həyatının bütün sahələrinin genişmiqyaslı modernləşdirilməsinə yönəlmiş təşəbbüslərlə çıxış etdim. Xalq bizim təkliflərimizi dəstəklədi. İl ərzində biz planlaşdırdığımız hər şeyi uğurla həyata keçirdik. Referendum zamanı ölkə Konstitusiyasına mühüm dəyişikliklər edilib. Hakimiyyət sisteminin yenilənməsi istiqamətində ciddi siyasi addımlar atılıb”, - deyə prezident qeyd edib. 

“Dünən Milli Məclisə və məclislərə seçkilər keçirildi ki, bu da bütün islahatlarımızın təbliğində ciddi addımdır. Bu seçkilər genişmiqyaslı dəyişikliklərin layiqli davamına çevrildi. Başqa sözlə, ölkənin siyasi inkişafında yeni mərhələ başladı. Bu tarixi məqamın Novruz bayramı ilə üst-üstə düşməsi rəmzidir”, - deyə Tokayev bildirib. 

Dövlət başçısının sözlərinə görə, Yeni Qazaxıstanın hazırkı görkəmi yaz bayramının ruhuna və təbiətinə tam uyğundur. 

“Böyük milli bayram günlərində ölkəmiz əsaslı şəkildə dəyişdi. Tamamilə yenilənmiş siyasi sistem dövlətimizin inkişafına güclü təkan verəcəkdir. Aparılan islahatlar iqtisadi artıma və yüksək gəlirlərə yol açır. İslahatlar, şübhəsiz ki, davam edəcək. Biz hərtərəfli inkişaf etmiş, güclü dövlətə çevriləcəyik. Bu, bizim əsas məqsədimizdir”, - deyə dövlət başçısı bildirib. 

“Vətəndaşlarımızın fikirlərinin fərqli olmasına baxmayaraq, hamımızın ümumi arzularımız var - xalqın rifahı və dövlətin parlaq gələcəyi. Biz bu ümumi məqsədlərə çatmaq üçün hər cür səy göstəririk. Görüləcək çox iş var. Əgər biz birliyimizi qoruyub, birgə fəaliyyət göstərsək, istənilən maneəni dəf edə bilərik. Mən istedadlı xalqımızın parlaq gələcəyinə inanıram. Dövlətin maraqları hər şeydən üstündür”, - deyə prezident vurğulayıb.


Oxunma sayı: 3147

Oxşar yazılar