Xankəndi-Laçın yolunda etiraz: Azərbaycanın hüquqları uğrunda mübarizənin 100-cü GÜNÜ

  • 14:25 - 21 Mart

Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qanunsuz istismarına son qoyulması, Qızılbulaq və Dəmirli mədənlərində monitorinqlərin aparılmasına icazə verilməsi tələbi ilə Laçın-Xankəndi yolunda azərbaycanlı könüllülərin və ekoloqların təşkil etdiyi etiraz aksiyası 100 gündür ki, davam edir. 

Avropa.info xəbər verir ki, aksiya iştirakçıları ənənəvi olaraq günə Azərbaycanın Dövlət Himninin ifası ilə başlayıb, daha sonra vətənpərvərlik mahnıları ifa ediblər.

Ekoloji fəallar hər iki istiqamətdə hərəkətə mane olmadan Azərbaycan, rus və ingilis dillərində şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının tələbləri dəyişməz olaraq qalır. Nümayişçilər “Azərbaycan onun yer təkinin sahibidir!”, “Ekoloji cinayətlərə son!”, “Ekoterrora son!”, “Təbiəti qoruyaq!”, “Ekosidə yox!” şüarlarını səsləndirməkdə davam edirlər. 

Azərbaycan Xarici İşlər Nazirliyinin bu münasibətlə yaydığı bəyanatlarda diqqət yalnız Laçın yolu ilə mümkün olan Qızılbulaq qızıl və Dəmirli mis-molibden mədənlərinin ehtiyatlarının qanunsuz istismarına yönəlib. 

İrəvan davam edən etirazların “yolun bağlanmasına” səbəb olduğunu iddia edir. 

Azərbaycan dəfələrlə Ermənistan tərəfinin iddialarını təkzib edərək yolun humanitar və mülki yüklərin daşınması üçün açıq olduğunu bəyan edib. İstər Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları, istərsə də İkinci Qarabağ müharibəsindən sonra bölgədə yerləşdirilmiş Rusiya hərbçiləri üçün təchizat Laçın yolu ilə sərbəst hərəkət edirdi. 

Laçın yolu ətrafında yaranan gərginlik fonunda beynəlxalq vasitəçilik də daxil olmaqla, sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar dalana dirənib. 

Azərbaycanın Qarabağ rayonu və ona bitişik yeddi rayonu, o cümlədən Laçın rayonu 44 günlük müharibədən sonra 2020-ci ilin payızında 30 ilə yaxın erməni işğalından azad edilib.


Oxunma sayı: 3015

Oxşar yazılar