ABŞ və Böyük Britaniyadan Aİ ilə birgə İranın təhlükəsizlik qüvvələrinə qarşı SANKSİYALAR

  • 12:19 - 24 Yanvar

ABŞ və Böyük Britaniya Avropa İttifaqı (Aİ) ölkələri ilə birlikdə uzun sürən hökumət əleyhinə etirazlar zamanı orada insan haqlarının pozulması ilə əlaqədar İrana qarşı əlavə sanksiyalar elan ediblər. 

Avropa.info xəbər verir ki, bu barədə eurointegration.com.ua məlumat yayıb. 

Britaniya sanksiyaları İranın baş prokurorunun müavini Əhməd Fazelyana, həmçinin quru qoşunlarının komandanı, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandir müavini və silahlı qrupa daxil olan Bəsic qüvvələrinə aiddir. 

Ümumilikdə Böyük Britaniya İran rejiminin insan haqlarını pozmasına cavab olaraq 50 sanksiya tətbiq edib. Onlar aktivlərin dondurulmasını və qarşı sanksiyalar tətbiq edilən şəxslərin Britaniyaya girişinə qadağa qoyulmasını nəzərdə tutur. 

Öz növbəsində Birləşmiş Ştatlar İran iqtisadiyyatının müxtəlif sahələrinə təsir göstərən SEPAH Kooperativ Fondu adlanan quruma, onun idarə heyətinin beş üzvünə, İranın kəşfiyyat və təhlükəsizlik nazirinin müavini Nasser Rashediyə və dörd yüksək rütbəli komandirə qarşı sanksiyalar tətbiq edib. 

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, tədbirlər “rejimin amansız repressiyalarının böyük hissəsini maliyyələşdirən SEPAH-ın əsas iqtisadi sütununu, eləcə də milli və əyalət səviyyəsində Tehranın repressiyalarını koordinasiya edən yüksək səviyyəli təhlükəsizlik rəsmilərini” hədəfləyir. 

Qeyd edək ki, İran rejimini qorumaq üçün 1979-cu il hadisələrindən qısa müddət sonra yaradılan İslam İnqilabı Keşikçiləri Korpusunun quru, dəniz və hava qüvvələrində təqribən 125.000 hərbçi olduğu bildirilir. 

Xəbər verildiyi kimi, Aİ bazar ertəsi etirazları yatırmaqda şübhəli bilinən nazir, bölgə qubernatorları və millət vəkilləri də daxil olmaqla onlarla İran rəsmisinə sanksiya tətbiq edib, lakin İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçu qrupların qara siyahısına əlavə etməkdə tərəddüd edib. 

Aİ İranda sentyabrın ortalarında Məhsa Əmininin ölümü ilə bağlı baş verən etirazlarla əlaqədar insan haqlarının pozulmasına görə İran rəsmiləri və təşkilatlarına, o cümlədən nazirlərə, hərbçilərə və İran əxlaq polisinə qarşı artıq üç raund sanksiya tətbiq edib. 

22 yaşlı Məhsa Əmini geyim qaydalarını pozduğu iddiası ilə mənəviyyat polisi tərəfindən həbs olunduqdan sonra dünyasını dəyişib. Sürətli və qapalı məhkəmə proseslərindən sonra nümayişlər başlayandan bəri ən azı dörd nəfər edam edilib. Etirazlar zamanı ən azı 519 nəfər həlak olub, 19200-dən çox insan həbs edilib. Bu etirazlar 1979-cu il İslam İnqilabından sonra İran rejiminə qarşı ən böyük problemlərdən birinə çevrilib. 

İran keçən həftə Avropa İttifaqına xəbərdarlıq etmişdi ki, əgər İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanısa, “ayağına atəş açacaq”.


Oxunma sayı: 793

Oxşar yazılar